ABŞ-İran münasibətlərində gərginlik yenidən artır. İranın Hörmüz boğazının açılması və ABŞ-la danışıqların davam etdirilməsi üçün irəli sürdüyü son şərtlər tərəflər arasında razılaşma perspektivlərini zəiflədib. Paralel olaraq, Vaşinqtonda İranla bağlı hərbi və siyasi müzakirələr davam edir. Bölgədə yaranmış vəziyyət yeni eskalasiya ehtimalını da gündəmə gətirir.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına açıqlamasında bildirib ki, İranın irəli sürdüyü son şərtlər ABŞ-İran danışıqlarını faktiki olaraq dalana dirəyib. Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında mövqelər hələ də bir-birindən kifayət qədər uzaqdır və görünən odur ki, yaxın dönəmdə hər hansı razılaşmanın əldə olunması imkanları əvvəlki dövrlə müqayisədə xeyli aşağı düşüb.
Əhməd Şahidovun fikrincə, prosesin digər mühüm tərəfi ABŞ hərbi sənayesində silah istehsalının intensivləşdirilməsidir. Siyasi şərhçi hesab edir ki, Vaşinqton diplomatik kanalları açıq saxlasa da, hərbi hazırlıq paralel şəkildə davam edir və bu tendensiya İrana qarşı yeni hərbi əməliyyatların keçiriləcəyi ehtimalını artırır. Onun qənaətinə görə, mövcud dinamika dəyişməzsə, yaxın perspektivdə ABŞ-İran qarşıdurmasının yenidən hərbi mərhələyə keçməsi qaçılmaz görünür.




