ABŞ-da Azərbaycan–Ermənistan sülh sazişi ətrafında hansı müzakirələr gedir? – Əhməd Şahidov Vaşinqtondan ARB24 kanalına danışıb

Vaşinqtonda Ağ Evdə imzalanan Azərbaycan–Ermənistan sülh sazişi ABŞ mediası, ictimaiyyəti və siyasi dairələrində geniş müzakirələrə səbəb olub. ABŞ mətbuatında dərc olunan məqalələrdə bu razılaşmanın Cənubi Qafqazda uzun illər davam edən münaqişəni siyasi yolla həll edən tarixi sənəd olduğu vurğulanır. Analitiklər bu prosesin bölgədə yeni geosiyasi reallıq yaratdığını və ABŞ-ın regiondakı nüfuzunu artırdığını qeyd edirlər.

Eyni zamanda, ABŞ-dakı erməni lobbisi sazişə qarşı fəal təbliğat aparır. Bəzi ermənipərəst senatorlar və konqres üzvləri açıq bəyanatlarla sənədi tənqid edərək Azərbaycanın mövqeyinə qarşı çıxış edirlər. Buna baxmayaraq, ABŞ ictimaiyyətində bölgədə sabitlik və iqtisadi inkişaf perspektivlərinə dair müsbət yanaşma üstünlük təşkil edir.

ARB24 Televiziyasına Vaşinqtondan, ABŞ Dövlət Departamentindən canlı qoşulan siyasi şərhçi Əhməd Şahidov son günlər ABŞ mediasında, Amerika cəmiyyətində və siyasi dairələrdə aparılan müzakirələr barədə ətraflı məlumat verib.

O bildirib ki, Ağ Evdə imzalanan sülh sazişi ABŞ üçün həm diplomatik qələbə, həm də Cənubi Qafqazda strateji mövqelərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Əhməd Şahidov qeyd edib ki, ABŞ-dakı erməni lobbisi bu razılaşmadan narazı qalaraq müxtəlif platformalarda fəal təbliğat aparır. Bəzi senatorlar isə açıq şəkildə sənədi tənqid edir və Azərbaycanın ünvanına qərəzli bəyanatlar səsləndirirlər.

Siyasi şərhçi vurğulayıb ki, bütün bu təzyiqlərə baxmayaraq, ABŞ-ın nüfuzlu media orqanlarında və ekspert dairələrində sazişin bölgəyə uzunmüddətli sülh və iqtisadi inkişaf gətirəcəyi barədə fikirlər üstünlük təşkil edir. O, Azərbaycanın Vaşinqtonla əməkdaşlığının gələcəkdə daha da dərinləşəcəyinə inandığını bildirib.