Əhməd Şahidov Türkiyənin nüfuzlu Kanal 24 Televiziyasında azərbaycanlı girovlar və Gəncə hadisələrindən danışıb

“Moderator Gecə” proqramının qonağı olan hüquq müdafiəçisi Əhməd Şahidov tanınmış aparıcı Ardan Zentürkün suallarını cavablandırıb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İyulun 10-da Kanal 24 Televiziyasının canlı yayımında qonaq olub. “Moderator Gecə” proqramının aparıcısı Ardan Zentürkün qonağı olan hüquq müdafiəçisi Azərbaycan gündəmini dəyərləndirib. Azərbaycan Ordusunun 100 illiyi barədə danışan Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi və işğal altında olan torpaqların azad edilməsi perspektivləri barədə danışıb. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 4 ildir ki, erməni əsirliyində işgəncələrə məruz qaldığını diqqətə çatdıran hüquq müdafiəçisi Ermənistanın beynəlxalq çağırışlara məhəl qoymadığını bildirib.

Daha sonra Azərbaycanda baş vermiş son hadisələr haqqında fikirlərini bölüşən Əhməd Şahidov ölkədə elektrik təminatının kəsilməsi və ardınca da Gəncədə baş vermiş terror hadisəsi haqqında məlumat verib və baş verənləri Azərbaycanda sabitliyi pozmağa yönəlmiş terror hadisəsi kimi dəyərləndirib. Azərbaycanın tolerant və multikultural bir ölkə olduğunu deyən ADİHİ rəhbəri Azərbaycan dövlətinin bütün terror təhdidlərinə layiqli cavablar verəcəyini əminliklə ifadə edib.