TRT World kanalının canlı yayımında Xocalı soyqırımı və Qarabağ münaqişəsi ilə bağlı debat keçirilib – Metyu Brayza, Əhməd Şahidov və Riçard Qriqosyan

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Fevral ayının 26-da TRT World kanalının canlı yayımında “Newsmakers” proqramında debatlara qatılıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza və erməni ekspert Riçard Qriqosyanın da qatıldığı debatda Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Tanınmış aparıcı İmran Qardanın suallarını cavablandıran qonaqlar Xocalı soyqırımı ilə bağlı fikirlərini səsləndirib və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə ediblər.

Debatda xüsusi aktivlik nümayiş etdirən hüquq müdafiəçisi Əhməd Şahidov Xocalı soyqırımı barədə məlumat verib, erməni silahlı birləşmələrinin bir gecədə 613 insanı qətlə yetirdiyini, 1275 nəfərin hələ də əsir və girovluqda qaldığını diqqətə çatdırıb. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeganə yol olduğunu bildirən Əhməd Şahidov Azərbaycanın multikultural ölkə olduğunu, 35 mindən artıq erməninin Azərbaycanda bərabər şəkildə yaşadığını və Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanıldığını bildirib. Lakin ermənilərin Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mövcud olmuş məscidləri məhv etdiklərini deyən hüquq müdafiəçisi 2017-ci ilin İyul ayında cəbhə xəttində qətlə yetirilən 2 yaşlı Zəhranın fotosunu nümayiş etdirib və Xocalı soyqırımından 25 il keçdikdən sonra ermənilərin eyni vəhşilik və qəddarlıq göstərməsini qəti şəkildə pisləyib.