“Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib

Hüquq müdafiəçisi Əhməd Şahidov CBC Azərbaycan Televiziyasına eksklüziv müsahibəsində Dağlıq Qarabağ münaqişəsi və onun mənfi fəsadları barədə danışıb və Avropanın insan haqları təşkilatlarının bu münaqişəyə göz yumduqlarını diqqətə çatdırıb

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə CBC Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının qonağı olub. Aparıcı Səid Babazadənin suallarını cavablandıran hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsi, bir milyon azərbaycanlı məcburi köçkünlərin hüquqları barədə danışıb, habelə cəbhə bölgəsində yerli dinc sakinlərin qətlə yetirilməsi haqqında söz açıb.

Avropanın insan haqları təşkilatlarının bu faktları görməzdən gəldiyini deyən ADİHİ rəhbəri Əhməd Şahidov bunun səbəblərinə də toxunub: “Bugün dünyada demokratiya və insan haqları tam formal xarakter daşıyır. Əsasən, ölkələrin milli maraqları ön planda tutulur. Azərbaycan neft və qazla zəngin bir ölkədir və Cənubi Qafqazın aparıcı fiqurudur. Bugün regionda reallaşan qlobal enerji layihələri rəsmi Bakının iradəsi ilə baş tutur. Yəni, Azərbaycan təkcə regionda deyil, Avropada və bütün dünyada oyun şərtlərini diqtə edən tərəfə çevrilib. Bu da bir sıra ölkələrin xoşuna gəlmir və hər vəchlə ölkəmizi zəiflətməyə çalışırlar. İllərdir sürən Dağlıq Qarabağ münaqişəsi dünyada insan haqlarının kobud surətdə pozulmasının əyani sübutudur. Beynəlxalq hüququn ayrılmaz parçası olan ölkələrin ərazi bütovlüyü prinsipi pozulub, bir milyon insanın şəxsi həyatın toxunulmazlığı hüququ tapdanıb, minlərlə insanımız yaşamını itirib, yüzlərlə mülki vətəndaşımız işgəncələrə məruz qalıb, qeyri-qanuni əsir və girov saxlanılmaqdadır. Və bu hallar bugün də davam etməkdədir. Artıq 2018-ci ildir, Avropanın ən strateji bölgəsində – Azərbaycanda mülki əhali atəşə tutulur, 2 yaşlı Zəhralar qətlə yetirilir, bir məntəqədən digərinə hərəkət edən mülki insanlar girov götürülür. Avropanın insan haqları təşkilatları buna adekvat reaksiya vermirlər. 30 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Təbii ki, bütün bunlar ikili standartların təzahürüdür və Azərbaycan həm də bu neqativ siyasətlə üz-üzədir. Ölkəmiz gücləndikcə, bizə qarşı olan qüvvələr daha ədalətsiz, daha kobud münasibət bəsləməyə başlayırlar. Bir çox hallarda isə insan haqları sadəcə vasitəyə çevrilir.”

Bu yazını Facebookda şərh et