“Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov

Sentyabrın 11-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayır. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Bu dəfəki müzakirələrdə Azərbaycan nümayəndə heyəti də geniş tərkibdə iştirak edir. Müxtəlif mövzuda keçiriləcək müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun sözlərinə görə, bu dəfəki müzakirələrdə əsas diqqəti azərbaycanlı girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasına yönəldəcəklər. ATƏT-in bu dəfəki toplantısına erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu da apardıqlarını qeyd edən hüquq müdafiəçisi CBC Azərbaycan Televiziyasına müsahibəsində səfər öncəsi fikirlərini bölüşüb: “ATƏT-in Varşava Sammitinə Dilqəm Əsəgrovun oğlu Kürdoğlunu də aparırıq. Düşünürük ki, məhz Kürdoğlu Əsgərovun həmin tədbirdə çıxışı və atası barədə məlumat verməsi azərbaycanlı girovlar məsələsinə beynəlxalq diqqəti xeyli artırmış olacaq. ATƏT-in Varşava Sammitində Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində ciddi addımlar atmağı düşünürük.”

Bu yazını Facebookda şərh et