Canından can ayırıb dünya yaratdın,
Dünyamın ən böyük sahibi anam.
Məni məndən də çox sən düşünürsən,
Gecə lay-lay deyib yatmayan anam.
*****
Uşaqlıqda səni çox incitmişəm,
Söz qaytarıb, xətrinə də dəymişəm.
Dərsdən qaçıb, sənə yalan demişəm,
Mənə görə saçı ağaran anam.
*****
Yadımdadır, çətin günlər yaşadıq,
Yarım çörək ilə bizi böyütdün.
Qadın kimi çox arzundan vaz keçdin,
Ana kimi arzuna çatan anam.
*****
Sənin dəyərini ölçə bilmərəm,
Dəyərlər dəyəri səndən ucuzdur.
Sənin dəyərini bir Allah bilir,
Allah qədər çox dəyərlisən, anam!
*****
İndi böyümüşəm, bir vətəndaşam,
Amma yenə mənə balam deyirsən.
Məni körpə kimi qoruduğun tək
Mən də Vətəni qoruyuram, ay anam.
*****
Hər bir uğuruma sən də sevindin,
Gözlərin sevinci mənim bəsimdir.
O solğun üzünü güldürmək üçün,
Mümkünsüzü həll edərəm, ay anam!
*****
Səndən uzaq qaldım son bir-neçə ay,
Amma hər gün ürəyim səninləydi.
Səni düşünərək yaşayır ürək,
Ürəyim dözməyir sənsiz, ay anam!
*****
Hamı sevsin anasını mənim tək,
İnanın dünyada dərd-bəla olmaz.
Bütün anaları öz anam kimi
Sevib söyləyirəm “Ay, mənim anam!”
Əhməd ŞAHİDOV
02 Fevral 2010-cu il saat 23:50, Moskva, Rusiya