Azərbaycanın hərbi sənayesinin inkişafı və regionda davam edən böhran – Əhməd Şahidov ARB24 Televiziyasına şərh edib

Son dövrlərdə Cənubi Qafqazda cərəyan edən proseslər fonunda Azərbaycanın hərbi-sənaye kompleksinin uğurlu inkişafı və yerli istehsal potensialının genişlənməsi əsas diqqət mərkəzindədir. Bununla paralel olaraq, qonşu Ermənistanda keçirilən parlament seçkilərinin beynəlxalq təşkilatlar tərəfindən müzakirəsi, tətbiq olunan yanaşmalar, eləcə də ölkə daxilində iqtidarla erməni apostol kilsəsi arasında dərinləşən qarşıdurma regionun ictimai-siyasi mənzərəsini xarakterizə edən mühüm amillər sırasındadır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da özünün müdafiə sənayesini ardıcıl şəkildə inkişaf etdirməkdə davam edir və artıq Azərbaycan ordusu yerli istehsal olan müasir silahlarla təchiz olunur. Ekspert qeyd edib ki, ölkəmiz təkcə daxili tələbatını ödəməklə kifayətlənmir, eyni zamanda yüksək keyfiyyətlə istehsal etdiyi hərbi məhsulları dünya bazarlarına çıxarır və hazırda bir çox xarici ölkələr Azərbaycanın istehsal elədiyi silahlarla yaxından maraqlanaraq onları aktiv şəkildə əldə edirlər.

Siyasi şərhçi Ermənistandakı proseslərə toxunaraq bildirib ki, beynəlxalq platformalarda Ermənistandakı seçkilərin olduqca yumşaq tənqid olunması və nəticələrin qəbul edilməsi beynəlxalq institutların Azərbaycana və Ermənistana münasibətdə sərgilədiyi ikili standartların növbəti təzahürüdür. O vurğulayıb ki, Azərbaycandakı seçkilərlə bağlı hər zaman sərt ritorikadan istifadə edən qurumlar Ermənistana gəldikdə güzəştə gedirlər, eyni zamanda Nikol Paşinyan hakimiyyəti ilə erməni kilsəsi, xüsusən də II Qaregin arasındakı mübarizə getdikcə intensivləşir və erməni diasporasından, həmçinin Rusiyadan dəstək alan kilsə Ermənistan daxilində ciddi ictimai-siyasi nüfuza malikdir.