Rusiya ilə Ukrayna arasında yaşanan müharibə yalnız iki ölkə arasında mövcud olan ərazi mübahisəsi və ya torpaq bölgüsü çərçivəsində qiymətləndirilə bilməz. Bu qlobal qarşıdurma genişmiqyaslı geosiyasi maraqları, təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılmasını və qlobal güclərin strateji mövqelərini ehtiva edən mürəkkəb prosesdir.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına verdiyi açıqlamada bildirib ki, bu müharibədə əsas məqsəd torpaq əldə etmək deyil, Rusiya NATO-nun Şərq cinahını neytrallaşdırmaq və alyansın Rusiya sərhədlərinə doğru irəliləməsini dayandırmaq məqsədi güdür. O qeyd edib ki, Moskva Ukraynanın tam olaraq hərbisizləşdirilməsinə çalışır.
Əhməd Şahidov əlavə edib ki, Ukraynanın tərəfsiz qalması, güclü orduya sahib olmaması, Avropa İttifaqı və NATO-ya üzv olmaması Moskvanın əsas hədəfidir. O, xəbərdarlıq edib ki, əgər bu müharibədə Rusiya qələbə qazansa, növbəti mərhələdə Avropaya hücum qaçılmaz olacaq.


