SƏNSƏN

Səni axtarmışam bir ömrüm boyu,
Həyatda ən böyük uğurum sənsən.
Bir bahar səhəri içimə dolan
Sevgi dolu təmiz nəfəsim sənsən.

*****

Səninlə başladı sevgi həyatım,
Bu yolda sən mənim əlimdən tutdun.
Birlikdə yürüdük uzun bir yolu,
Mənə yol göstərən çırağım sənsən.

*****

İlk dəfə qəlbimi məhz sənə açdım,
Bir ruh kimi vücuduma dolmuşdun.
Ruhsuz bədən olmaz, yazıb Kitabım,
Kitabımı yazan qələmim sənsən.

*****

Nəyə and içim ki, inanasan sən,
Allaha, Qurana, Müqəddəslərə.
Səndən başqa kimsəyə inanmadım,
Sənə and içirəm, inancım sənsən.

*****

Qıyma mənə, acıdır sənsizliyin,
Sənsiz qalmaq sanki ölmək kimidir.
Ya yaşadım, ya öldüm, nə fərq edər?
Hələ ölməməyimin səbəbi sənsən.

*****

Sənə olan sevgim heç zaman bitməz,
Bitərsə, dünyanın axırı demək.
Səninlə başladım yeni həyata,
Əvvəlim sən oldun, sonum da sənsən.

*****

Son nəfəsimdə də səni axtardım,
Ölüm də sevgimə tab gətirmədi.
Ölümə bir şərtlə razılıq verdim,
Məzarım sən oldun, kəfənim sənsən.

Əhməd ŞAHİDOV
20 Yanvar 2010-cu il saat 03:20, Bakı, Azərbaycan

*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…

Bu yazını Facebookda şərh et