Onu yaşatmağa sevgim çatarmı?!
Sev desəm, o məni sevərmi, dünya?!
Onunla yaşanan gözəl günləri,
Yaz desəm, dəftərə yazarmı dünya?!
*****
İlk dəfə görəndə donub qalmışdım,
Necə yaxınlaşım, qərar vermədim.
Yaxınlaşıb ona “Sevirəm” desəm,
Sevgimi ciddiyə alarmı, dünya?
*****
“Yox” dedi, qırıldı qolum-qanadım,
Uçan bülbül sanki yerə çırpıldı.
Niyə belə dedi heç anlamadım,
Həmin an mənimçün qaraldı dünya.
*****
Nəhayət qəlbinin sirrini bildim,
O da sevdi məni, çox sevilirdim.
Sevgidən böyük bir dünya qurmuşduq,
Dünyamız səndən də böyükdü, dünya!
*****
Xoş anlar keçirdik, çox bəxtəvərdik,
Sevgimiz artırdı, nişanlı olduq.
Hər gün görüşürdük, heç ayrılmazdıq,
Sevgimizə sən də şahiddin, dünya!
*****
Nədənsə həmişə mən tələsirdim,
Evlənək, ailəmiz olsun deyirdim.
Amma saydığını say, fələk də sayır,
Fələk qalib gəldi bizlərə, dünya.
*****
Həmin gün yadımdan hələ də çıxmır,
Qəfil xəbər gəldi, qəza olubmuş.
Həyata göz yuman gözəl sevgilim,
Səni məndən aldı vəfasız dünya.
*****
Çox illər keçibdir o vaxtdan bəri,
Unutmaq istərəm həmin hissləri.
Yenidən sevilib, həm də ki sevib,
Qisasımı səndən alacam, dünya!
*****
Amma sənin mənə köməyin gərək,
Vəfasız olsan da, şirinsən, dünya.
Bir dəfə sevgimi uğursuz etdin,
Bu dəfə sevgimə qarışma, dünya!
*****
Sevmək istəyirəm mən də hamı tək,
İnsanın haqqıdır, sevmək-sevilmək.
Mən sevsəm, sevilsəm həyatda bil ki,
Səni də sevəcəm, sevimli dünya!
Əhməd ŞAHİDOV
18 Yanvar 2010-cu il saat 01:27, Bakı, Azərbaycan
*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…