“Rusiya Qarabağ münaqişəsində ikili standartlar tətbiq edir” – Əhməd Şahidov CNN Türk-ə danışdı

cnnCNN Türk kanalının 5N 1K proqramı cəbhə bölgəsindəki son hadisələrə həsr edilib

Aprelin 24-də nüfuzlu CNN Türk kanalının aparıcısı Cüneyt Özdemirin təqdimatında efirə gedən 5N 1K proqramında Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş torpaqlarındakı hazırkı durum, Aprel ayının əvvəlində baş verən 4 günlük müharibə və regionda sülhün əldə edilməsi ilə bağlı aparılan danışıqlar barədə danışılıb.

Verilişdə Azərbaycan Parlamentinin deputatı Adil Əliyev, Xarici İşlər Nazirliyinin sözcüsü Hikmət Hacıyev və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun münaqişə ilə bağlı fikirləri yer alıb. Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bölüşən hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin bu münaqişədə Azərbaycanın tərəfində olduğunu, BMT-nin 4 qətnaməsini əlində əsas tutan Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları aparmağa tam hüququ olduğunu və Ermənistana beynəlxalq təzyiqlərin güclənməsinin zəruriliyini vurğlayıb.

Türkiyə və Pakistanın bu münaqişədə daima Azərbaycanı dəstəklədiyini dilə gətirən ADİHİ rəhbəri Əhməd Şahidov Rusiyanın da regiondakı təsir gücünü qeyd edib və Dağlıq Qarabağ münaqişəsində rəsmi Kremlin ikili standartlardan çıxış etdiyini bildirib.

Bu yazını Facebookda şərh et