BMT-nin İnsan Haqları Şurasının 31-ci Sessiyasında iştirak edən ADİHİ rəhbəri Əhməd Şahidov aparılan müzakirələr barədə möveyini bölüşüb
Fevralın 29-da İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 31-ci Sessiyası öz işinə başlayıb. Martın 24-ə kimi davam edəcək Sessiyada əsasən xarici işlər nazirlərinin məruzələri dinlənilir, bütün dünyada insan haqlarının durumu müzakirə olunur.
Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov səslənən fikir və təkliflərin formal xarakter daşıdığını və dünyada gedən proseslərə heç bir təsir etmədiyini bildirib: “Birləşmiş Millətlər Təşilatı artıq tam olaraq formal bir quruma çevrilib desəm, məncə yanılmaram. Çünki, BMT-də səslənən fikirlər sonradan heç bir əhəmiyyət kəsb etmir. Maraqlı cəhət ondan ibarətdir ki, bu dəfəki müzakirələrdə bütün ölkələr – işğal edən və işğala məruz qalan ölkələr də insan haqlarına hörmətdən danışır və dünyada sülhün bərqərar olmasına çağırışlar edirlər. Paradoksal bir vəziyyət yaranıb. Təsəvvür edin ki, Ermənistan, Rusiya, İsrail, Suriya, İraq və digər ölkələrin XİN rəhbərləri sülh istədiklərini və işğala son qoyulmasına çalışdıqlarını açıq şəkildə səsləndirirlər. İnsanların küçədə açıq şəkildə qətlə yetirildiyi Afrika ölkələri rəhbərləri də insan haqlarını örnək olaraq göstərirlər. Sanki, insan haqları Yer kürəsində deyil, tamam başqa, planetdə pozulur, sanki müharibələr bizim planetdə baş vermir. Odur ki, birmənalı şəkildə deyə bilərəm ki, BMT artıq formal xarakter daşıyır və bir növ şou məkanına çevrilib. Hamı burada gəlib öz fikirlərini səsləndirir, sonradan isə həyat öz axarı ilə davam edir. Biz yenə müharibələrin, qətllərin, insan haqları cinayətlərinin şahidi oluruq. Təsadüfi deyil ki, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 məlum qətnaməsinin icra edilməməsindən sonra BMT artıq bir təşkilat kimi nüfuzunu çoxdan itirmişdi”.