16-18 Noyabr tarixlərində BMT-nin Cenevrə toplantısında iştirak edən ADİHİ rəhbəri Əhməd Şahidov aparılan müzakirələr barədə öz fikirlərini bölüşüb
İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının IV Biznes və İnsan Haqları Forumu keçirilib. Forumda iştirak edən hüquq müdafiəçiləri son vaxtlar dünyada baş verən prosesləri müzakirə edib, qlobal müstəvidə cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparıblar.
BMT-də keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda insan haqlarının vəziyyəti və regional proseslər barədə çıxış edib. Aparılan müzakirələr barədə fikirlərini bölüşən ADİHİ rəhbəri bildirib ki, dünyada insan haqları məsələsi BMT-nin gündəliyində ikinci plana keçməkdədir: “Bu dəfəki müzakirələr Paris terroru ərəfəsinə təsadüf etdiyindən, gündəlikdəki əsas mövzu da təhlükəsizliklə bağlı idi. Son hadisələr fonunda BMT-nin gündəliyində dəyişiklər müşahidə olunmaqdadır. Belə ki, dünya dövlətləri əsasən təhlükəsizlik məsələsini qabardır və terrorla mübarizədə birgə fəaliyyətin zəruriliyini önə çəkirlər. Odur ki, insan haqları məsələsi müəyyən müddətə ikinci plana keçir.”