Onu ilk dəfə Kiprdə görmüşdüm. Şimali Kipr Türk Cümhuriyyətinə ilk səfərim zamanı bir gənc olaraq, ilk işim adada təhsil alan azərbaycanlı gənclərlə yaxından tanış olmaq, onların qayğıları ilə maraqlanmaq və Azərbaycanla bağlı keçirəcəyim görüş və tədbirlərdə gəncləri də cəlb etmək idi.
Adada ilk günüm olmasına baxmayaraq, 7-8 nəfər azərbaycanlı gənc ilə tanış ola bilmişdim. Amma içərilərində biri ilk andan diqqətimi çəkmişdi. Əslində, adı və soyadı daha çox xoşuma gəlirdi – Heydər Əliyev!
Onunla ilk görüşüm məndə maraqlı bir həyəcan və intizar yaratmışdı – görəsən həqiqətən də pasportunda ad və soyadı Heydər Əliyev idimi?! Zarafatyana şəkildə soruşdum, o da mənə pasportunu çıxarıb göstərdi.
O vaxtdan Heydərlə yaxın münasibətlərim yaranmışdı. İndi onun haqqında keçmiş zamanda danışmaq çox ağır olsa da, xatirələrimi qələmə almaq istədim.
Heydərlə söhbət etdikcə onun bir qədər utancaq, amma cəsarətli və mehriban birisi olduğunu hiss edirdim. Mən hər dəfə Şimali Kiprə gələndə dərslərini atıb məni müşayiət edirdi, bütün görüş və tədbirlərdə yanımda olurdu.
Artıq ona o qədər öyrəşmişdim ki, kiçik qardaşım kimi baxırdım ona, ərk eləyib bəzi işləri ona tapşırırdım. Hər zaman məsuliyyətlə yanaşardı işinə.
Şimali Kiprin prezidenti, Parlament sədri, millət vəkilləri və digər tanınmış şəxsləri ilə görüşdə yanımda olurdu. O yanımda olanda özümü daha güvənli hiss edirdim.
Duruşu, baxışı və tərzi adama özgüvən verirdi. Yaxın münasibətlərimiz olsa da, onunla zarafat etməyə çəkinirdim… məndən yaşca çox balaca olsa da, böyük kimi gəlirdi mənə… Adı kimi özü də, sözü də böyük idi mənimçün… Hətta bir çox məsələlərdə fikirlərinə ayrıca önəm verirdim…
İndi nəsə yazmaqda çətinlik çəkirəm… Çünki Heydər haqqında keçmişdə danışmaq çətin gəlir mənə… sözlər müvazinətini itirib sanki, bilmirəm nə yazım, necə yazım ki, ona olan bağlılığımı düzgün ifadə edə bilim.
Keçirdiyim hisslərin çoxunu sözə sığışdıra bilmirəm açığı… yaxşısı, onunla birlikdə keçirdiyim anları, bir daha təkrarlanmayacaq o əziz günləri fotoların dili ilə çatdırım.
Çünki, söz də acizdir bu an! Allah sənə rəhmət eləsin, Heydər!
Əhməd Şahidov
18 Avqust 2015-ci il