Əhməd Şahidov: “Qətər bugün təkcə Ərəb ölkələrinin deyil, bütün İslam dünyasının haqlarını qorumağa qadirdir”

shahidov29218 Dekabr – Qətər Milli Günüdür. Bu bayram 1878-ci ildə Qətər Dövlətinin banisi Şeyx Jasim Bin Məhəmməd Əl-Thaninin hakimiyyətə gəldiyi gün olaraq, qeyd edilir. Bugün 1 800 000 nəfər əhalisi olan Qətər dünyanın ən inkişaf etmiş və müasir ölkələrindən biridir. Qətərin Milli Bayramı ilə əlaqədar Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun fikirlərini öyrəndik. Qətər ilə sıx əlaqələrə malik ADİHİ rəhbəri bu ölkə haqqında təəssüratlarını bölüşdü:

– Əhməd bəy, ilk öncə Qətər haqqında fikirlərinizi bilmək istərdik. Qısaca olaraq, nə deyə bilərsiz Qətər barədə?

Qətər Dövləti Ərəb Körfəzində yerləşən bir yarımada ölkədir. Halul, Şraouh və Əl-Asşat adaları da Qətərin mühüm strateji əraziləridir. 11 521 kv/km əraziyə malik Qətərdə İslam rəsmi dindir və İslam Qanunları – Şəriət əsas qanunverici bazanı təşkil edir. Bununla yanaşı, Qətər çox müasir və inkişaf etmiş bir ölkədir, rəsmi dil olan Ərəb dili ilə yanaşı, İngilis dili də çox geniş yayılıb. Bunun bir səbəbi də Qətərin dünyanın elm, təhsil, mədəniyyət, idman və biznes mərkəzlərindən olmasıdır.

– Adətən, Ərəb ölkələrində sırf İslam təhsili əsas tutulduğundan, dünyəvi təhsil ikinci plana keçir. Qətərdə bu sahədə vəziyyət necədir?

Qətər haqqında bunu demək doğru olmazdı. Çünki, İslam prinsipləri üzərində qurulan Qətər Dövlətində elm və təhsilə böyük önəm verilir. 1952-ci ildə Qətərdə ictimai təhsilin əsası qoyulub və Qətər hökuməti bundan sonra “Yeni Əsr üçün Təhsil” təşəbbüsü ilə çıxış edərək, dünyanın ən qabaqcıl texnologiyalarını ölkə təhsilinə cəlb edib. Dini təhsillə yanaşı, bugün Qətərdə dünyanın ən müasir təhsil müəssisələri fəaliyyət göstərir. Məsələn, Weill Cornell College of Medicine, Virginia Commonwealth University, Carnegie Mellon University, Texas A&M University, Georgetown University: School of Foreign Service (SFS Qatar), North Western University, College of the North Atlantic, Stenden University və digər nüfuzlu beynəlxalq ali təhsil müəssisələrinin adını çəkə bilərəm. Məhz bu təhsil ocaqları Qətəri təkcə Ərəb dünyasında deyil, bütün dünyada elm və təhsil mərkəzinə çevirə bilib. Kiçik bir ölkə üçün bu, çox böyük uğurdur.

– Əhməd bəy, siz bir hüquq müdafiəçisi kimi Qətərdə insan haqlarının vəziyyətini necə qiymətləndirirsiz? Adətən, Ərəb ölkələrində qadınların hüquqları kobud şəkildə pozulur, onların cəmiyyətdə rolu kiçildilir, bəzən isə qadınların hüquqları ümumiyyətlə tanınmır.

Qətər barədə bunun əksini deyə bilərəm. Qətər müasir və kifayət qədər azad bir ölkədir. Və burada qadınların hüquqları da kifayət qədər qorunur. Təsəvvür edin ki, ölkənin birinci xanımı Şeyxa Mozah Qətərin ən nüfuzlu ictimai-siyasi xadimlərindən sayılır və ölkədə ən iri elm, təhsil və mədəniyyət layihələrinin təşəbbüskarıdır. Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondunun rəhbəri olan Şeyxa Mozah öz ölkəsinin dünyanın ən qabaqcıl və müasir standartlara uyğunlaşdırılması üçün onlarla iri layihələr həyata keçirib. Qətərin beynəlxalq əlaqələrinin qurulmasında bu xanımın böyük rolu var. Qətər beynəlxalq arenada Şeyxa Mozah ilə tanınır. Sizcə, bu, Qətərdə qadına verilən yüksək dəyər deyilmi?! Məncə, elədir!

doha7

– Bugün Ərəb ölkələrində müharibələr, savaşlar, insan haqlarının kütləvi pozulması hallarına tez-tez rast gəlinir. İraq, Suriya, Fələstin, Sudan, Nigeriya və digər ölkələrdə bu kimi hallar mütəmadi hal alıb. Qətər inkişaf etmiş ölkə kimi Ərəb dünyasında sülhə nail olmaq üçün nələr edir?

Əfsuslar olsun ki, sadaladığınız ölkələrdə vəziyyət acınacaqlıdır. Bu, faktdır. Ərəb coğrafiyasında davam edən münaqişələr əslində BMT tərəfindən tənzimlənməli və sülhə nail olunmalıdır. Əfsuslar olsun ki, BMT bugün effektiv bir qurum kimi çıxış edə bilmir. Və ya kimlərinsə marağına sərf edəndə BMT daha kəskin fəaliyyət göstərir. Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və indiyə kimi bu sənədlər icra olunmur. Eləcə də, Ərəb ölkələri ilə bağlı BMT heç bir iş görmür.

Bugün Ərəb ölkələri arasında Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt əsas aparıcı ölkələrdir. Məhz bu ölkələr BMT-də və digər beynəlxalq təşkilatlarda söz sahibidirlər. Mən xüsusilə Qətərin mövqeyini və bu istiqamətdəki fəaliyyətini vurğulamaq istərdim. Qətər zəngin təbii ehtiyyatlarını insan kapitalına çevirməklə bugün dünyanın elm, təhsil, mədəniyyət, idman və işgüzar mərkəzinə çevrilib. Hər gün paytaxt Doha şəhərində hansısa beynəlxalq tədbirin, yarış və ya konfransın keçirildiyini müşahidə edirik.

Rəsmi Doha beynəlxalq siyasətdə də kifayət qədər ciddi irəliləyişlər əldə etməkdədir. Bugün Ərəb dünyasında baş verənlərin nizama salınmasında, barış və sülhün bərqərar olunmasında Qətərin imkanlarından istifadə etmək şərtdir. Məhz rəsmi Dohanın favoritliyi ilə Ərəb dünyasında sülhə nail olmaq realdır.

– Sizcə, rəsmi Dohanın buna imkanları çatarmı?

Əlbəttə, çatar. Mən xatırlayıram. Bu ilin Noyabr ayının 5-6-da Qətərin paytaxtı Doha şəhərində BMT-nin və Qətər Milli İnsan Haqları Komitəsinin birgə təşkilatçılığı ilə “Ərəb regionunda Təhlükəsizlik və İnsan Haqlarına dair Beynəlxalq Konfrans”da iştirak edirdim. Məhz Ərəb regionundakı son hadisələr müzakirə olunurdu. Kifayət qədər yüksək səviyyədə keçirilən bu konfransda Ərəb dünyasının bugünü və gələcəyi müzakirə olunurdu. Mən həmin tədbirin gedişi zamanı rəsmi Dohanın bu istiqamətdəki təşəbbüslərini və istəyini bir daha gördüm və əmin oldum ki, Qətər təkcə regionda deyil, bütün dünyada sülhün və qardaşlığın əldə edilməsi üçün əlindən gələni etməyə hazırdır və buna imkanı da çatır. Çünki, Qətər təkcə Ərəb regionunda deyil, bütün dünyada söz sahibi olan ölkələrdən biridir.

al-amiri1

– Sonda, rəhbərlik etdiyiniz Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun Qətər ilə əlaqələri haqqında qısa məlumat verməyinizi xahiş edirik.

Qətər mənim səfər etdiyim ikinci Ərəb ölkəsidir. Bundan öncə Səudiyyə Ərəbistanında olmuşdum. Lakin Qətər daha müasir və multikulturalizmə açıq bir ölkədir. Həm də inkişaf etmiş bir infrastruktura sahibdir. ADİHİ olaraq, bizim Qətər Milli İnsan Haqları Komitəsi ilə yaxın münasibətlərimiz var. Mən bu qurumun rəhbəri cənab Dr. Əli Bin Smaikh Əl-Marri ilə görüşüm zamanı ADİHİ-nin əməkdaşlıq istəyini ifadə etdim və müsbət cavab aldım. Hazırda bu əməkdaşlığın detalları üzərində danışıqlar gedir və ümid edirəm ki, üzümüzə gələn 2015-ci ildən etibarən Qətər ilə daha yaxın münasibətlər qura biləcəyik. Çünki, Qətər bizim üçün doğma və strateji bir tərəfdaşdır.

ADİHİ Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et