“KİPR SƏFƏRİMDƏN ÇOX ŞEYLƏR GÖZLƏYİRƏM”

Əhməd Şahidov: “Türk dünyasının birləşməsinin təməl daşı ortaq türk dilinin seçimidir”
Mütəmadi olaraq müxtəlif beynəlxalq elmi konfranslar və sempozyumlarda çıxışlar edən gənc publisist və araşdırmaçı f.e.n. Əhməd Şahidovun qələmə aldığı məqalələrin əksəriyyəti Türk dünyasının birləşməsi və ümumtürk maraqlarının qorunması ilə bağlıdır. Əldə etdyimiz məlumata görə, 09-11 Dekabr tarixlərinə Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində Beynəlxalq Kipr Universitetinin təşkilatçılığı ilə keçiriləcək “II Beynəlxalq Dünya Dili Türkçə Sempozyumu”na dəvət olunmuş Əhməd Şahidov konfransda “Azəri türkcəsi və ortaq Türk dili” adlı məruzə ilə çıxış edəcək. Bütün Türk dünyasının birləşməsini önəmli sayan gənc publisist Azərbaycanın da bu birlikdən çox şeylər əldə edəcəyini vurğulayır: “Məncə, hər hansı qüvvələrin birləşməsi üçün siyasi iradə çox da əhəmiyyət kəsb etmir. Çünki, tarix də göstərir ki, siyasi kurslar dəyişiləndir. Hər hansı siyasi rəhbərin istəyi ilə yaradılan dostluq və ya düşmənçilik həmin rəhbərin hakimiyyətdən getməsindən sonra sona çata bilər. Ən güclü dostluq xalqlar arasında olan dostluqdur. Bunun üçün isə ilk öncə həmin insanlar arasında ortaq ünsiyyət dilinin mövcudluğudur.”

Əhməd Şahidovun sözlərinə görə, Türk dünyasının bütün dövlətləri bir-birinə oxşar dillərdə, ləhçələrdə danışırlar – “Mən Qazaxıstana, Qırğızıstana, Türkiyəyə gedəndə oradakı əhalinin dilini başa düşürəmsə, deməli həmin insanlarla müəyyən ortaq dəyərlərə malikəm. Sadəcə sərbəst ünsiyyət qurmaq üçün müəyyən çətinliklər yaranır ki, bunu da filoloq-dilçi alimlərin öhdəsinə buraxmaq kifayət deyil. Bütün bu insanların sərbəst ünsiyyət qura biləcəyi bir dilin oluşdurulması uzun illər üzərində çalışdığımız Türk dünyasının yaradılması üçün böyük zəmin yarada bilər.”

Gənc alimin Şimali Kiprə səyahət etdiyini bildiyimizdən onun bu dövlət barədə də fikirlərini öyrənmək istədik. “Şimali Kipr Türk Cümhuriyyəti öz varlığını qoruyacaq” deyən Əhməd Şahidov bildirdi ki, bu cümhuriyyət yaranmasının 26-cı ildönümünü qeyd etməyə hazırlaşsa da, hələ ki, dünyanın siyasi xəritəsində müstəqil dövlət kimi qəbul olunmur: “Türklər Kipr adasında 450 ildir özlərini idarə edirlər. Bu gün türklər adada öz dövlətlərini qurduqları üçün cəzalandırılır. Avropa Birliyi Şimali Kiprə qarşı ticarət embarqolarının hələ də davam etdirir. Adanın türk hissəsinin lideri 4 il əvvəl keçirilən referendumda Şimali Kiprin BMT planına “hə” deməsinə baxmayaraq, ŞKTC hələ də cəzalandırılan tərəf kimi qalır. 25 il əvvəl adada türk cümhuriyyətinin elan edilməsi separatizm yox, federal, hər iki millətin öz müqəddəratını təyinetmə hüququnu tanıyan yeni dövlətə nail olmaq məqsədi daşıyırdı.”

Əhməd Şahidov Lefkoşa şəhərindən sonra dekabrın 11-də Kocaeli Universitetində keçiriləcək “Xalq oyunlarında əyləncə” adlı beynəlxalq konfransda “Azərbaycan folklorunda oyun və əyləncələr: unudulanlar və unudulmayanlar” başlıqlı məruzə ilə çıxış edəcək.