ADİHİ rəhbəri Avstriyanın qanunvericilik ənənəsi və media azadlığı sahəsindəki təcrübəsi ilə maraqlanıb
Noyabrın 5-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriyanın paytaxtı Vyana şəhərində bu ölkənin Konstitusiya, Media, Mədəniyyət və İncəsənət Nazirliyində olub. Nazirliyin beynəlxalq əlaqələr və informasiya cəmiyyəti üzrə məsləhətçisi xanım Daniela Zauner ilə görüşən ADİHİ rəhbəri Avstriyanın Konstitusiya ənənələri, qanunvericilik bazası və media azadlığı sahəsində qazandığı təcrübə ilə maraqlanıb.
ADİHİ rəhbərini nazirlikdə qəbul etməkdən məmnunluğunu ifadə edən xanım Daniela Zauner təmsil etdiyi ölkənin Konstitusiyası, media azadlığı və qanunvericilik prinsipləri haqqında ətraflı məlumat verib və öz şəxsi fikirlərini paylaşıb. Avstriyanın demokratik bir ölkə kimi Avropa Birliyinin üzvü olduğunu diqqətə çatdıran nazirlik rəsmisi ADİHİ ilə informasiya və təcrübə mübadiləsinə hazır olduqlarını da bildirib.