Əhməd Şahidov Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır
Ölkə mətbuatındakı maraqlı məqalələri ilə oxucular tərəfindən sevilən gənc alim, filologiya elmləri namizədi Əhməd Şahidov daha bir uğuruyla bizləri sevindirdi. Belə ki, Əhməd Şahidov bu il Rusiyanın nüfuzlu ali təhsil müəssisəsi sayılan Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasınını “Hüquq” fakültəsinə daxil olub. İxtisasca filoloq olan Ə.Şahidovun məhz ikinci ali təhsil olaraq, hüququ seçməsi bizdə də maraq doğurdu. Odur ki, məsələ ilə bağlı Əhmədin özü ilə əlaqə saxladıq. Hal-hazırda Moskvada qiyabi təhsil alan həmyerlimiz bildirdi ki, həmişə hüquq elminə böyük marağı olub: “…1999-cu ildə Bakı Slavyan Universitetinin “Rus dili” fakültəsinə daxil oldum. 10 il həmin universitetdə təhsil aldım. Nəhayət, bu ilin iyun ayında namizədliyimi uğurla müdafiə etdim. Lakin gələcək doktorluq işimi terrorizmlə mübarizə mövzusunda yazmağı planlaşdırdığımdan bu sahədə ali təhsil almaq qərarına gəldim. Terrorizm beynəlxalq mövzu olduğundan bu sahədəki bilikləri də məhz beynəlxalq statuslu universitetdə almaq qərarına gəldim. Odur ki, seçimim məhz Rusiyanın bu ali təhsil müəssisəsi oldu.”
Şəxsi planları barədə danışan gənc alim bildirdi ki, gələcəkdə beynəlxalq səviyyədə Azərbaycanın milli maraqlarını bütün dünyaya çatdırmaq, erməni daşnaklarının da daxil olduğu beynəlxalq terrorizmin bəşəriyyətə vurduğu ziyanı araşdırmaq və bununla bağlı müxtəlif dillərdə kitablar yazmaq fikrindədir: “Gələcəkdə xaricdə yaşamaq və elmi araşdırmalarımı məhz dünyanın müxtəlif kitabxanalarında, muzeylərində, elm ocaqlarında aparmaq istəyirəm. Azərbaycanı çox sevirəm, lakin bizim ölkədə real şərait olmadığından dünya miqyaslı araşdırmalarımı Vətəndən kənarda qələmə almaq məcburiyyətindəyəm”.
Qeyd edək ki, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası Vladimir Putinin təşəbbüsü ilə yaradılmışdır və hal-hazırda ölkədəki nüfuzu və resurslarına görə Moskva Dövlət Universitetindən sonra ikinci ali təhsil müəssisəsi hesab olunur. Rusiyanın bir sıra tanınmış dövlət xadimləri məhz bu akademiyada dərs deyirlər.