Qəfil gəldin, həyatıma nur saçdın
Gəlişinlə yatmış ruhum oyandı
Sehirlənmiş taleyimə yol açdın
Uğur gəlib düz qarşımda dayandı
Ən böyük uğurum, sevincim oğlum!
Canın mənim öz canımdan yoğrulub
Dünyamın ayrılmaz zərrəsisən sən
Qurduğum xəyallar lap doğru olub
Sözümün, şeirimin nəğməsisən sən
Kövrək hisslərimin qalası oğlum!
Bundan sonra şeirim də, sözüm də
Təkcə sənsən, səni vəsf edəcəyəm
Nə qədər ki taqət var dizlərimdə
Ölkələr, şəhərlər gəzdirəcəyəm
Mənim yol yoldaşım, sirdaşım oğlum.
Sənin adın yeni tarix yazacaq
Parçalanmış Vətənin ümidisən
Şimal-Cənub tək səndən danışacaq
Sən millətin xilaskar elçisisən!
Millətimin, torpağımın, elimin
Xilaskarı, qəhrəman əsgər oğlum
Gözəl oğlum, qoçaq oğlum, nər oğlum!
Əhməd Şahidov
05 Yanvar 2013-cü il, saat 03:03, Bakı, Azərbaycan