Əhməd Şahidov: “O qadın ola bilsin ki, oxuyub romanı”
“Hələ ki sirli qalmağımın tərəfdarıyam…”
Bəzən biz jurnalistlər kimlərinsə açıqlamalırını oxuyanda yerimizdə qurcuxuruq. “Nə bundan müsahibə alardım?”- deyə fikirləşirik, yəni “nə nişangaha gəliiiir?…”.
Gənc şair Əhməd Şahidovun yeni nəşr olunmuş kitablarından birinin adının “Sevdiyim qadın” olduğunu görəndə də eyni hissi keçirdim. Amma müəyyən şeylər qarşımı kəsirdi. Biz cəmi bir neçə ay öncə “Mərkəz” qəzetində birgə çalışmışıq: Əhməd Şahidov deputat Gülər Əhmədovanın köməkçisi, mən isə “Mərkəz” qəzetinin redaktoru kimi.
Ona görə də elə suallar var idi ki, onları bəzi səbəblərdən verə bilməzdim. Nəhayət, peşə xəstəliyi ilə insanlıq normaları ortaq məxrəcə gəldilər içimdə. Heç birini incitməyəcəyimə söz verib, yola düzəldim…
Budur, bu da müsahibə. Müsahibimin də, mənim də çox şeyləri deyə bilmədiyimiz, amma oxucuya da xəyanət eləməməyə çalışdığımız müsahibə. Bəzən tətiyi çəkməkdən özümü güclə saxladığım, bəzənsə müsahibimin ustalıqla atəşdən yayındığı “Nişangah” rubrikası… Beləliklə, Modern.az saytı yeni rubrikaya start verir…
– Əhməd bəy, iki kitabınız çıxıb. “Gecələr ağlayan qadın” şeirlər kitabı və “Sevdiyim qadın” romanı. “Sevdiyim qadın” romanı ən çox müzakirəyə səbə olan əsərlər siyahısına daxil olmaqdadır. Romanda nədən bəhs olunur?
– “Sevdiyim qadın” romanı iki gənc arasında olan səmimi sevgi münasibətlərindən bəhs edir. Gənclərdən biri şairdir, eyni zamanda elmi fəaliyyətlə məşğul olur. Ümumiyyətlə, bütün proseslər əsasən Bakı Slavyan Universitetində cərəyan edir. Çalışmışam ki, romanı öz həyatımda olan bəzi məqamların üzərində qurum. Hətta bir çox insanlar romanı oxuyur və şübhələnir ki, oradakı əsas qəhrəman Eyvaz mənəm. Amma romanla mənim şəxsi həyatım arasında heç bir əlaqə yoxdur, sadəcə həyatımdan götürdüyüm “beş dənə həqiqətin üzərinə iki-üç dənə də yazıçı təxəyyülünü əlavə etməklə” ortaya maraqlı bir əsər qoymağa çalışmışam.
– Amma hər halda Eyvaz sizsiniz? Səmimi cavab verin, lütfən…
– Yox, mən deyiləm, qətiyyən. İnanırsız, evdə də oxuyublar romanı. Hətta həyat yoldaşım artıq romanın 20 səhifəsini oxuyan kimi başladı mənə qəzəbli baxışlarla baxmağa ki, filankəs kimdir, mən bilirəm sən filan vaxtı belə eləmişdin, burada da yazmısan. Və beləliklə romandakı o uydurma yerlərlə bağlı intensiv suallar verməyə başladı…
Əslində çalışmışam ki, romanda uydurma məqamlar çox olmasın, amma var təbii ki. Məsələn, özüm də Slavyan Universitetini bitirmişəm, ordakı qəhrəman da Slavyan Universitetini bitirib. Həmin universitetdə elmi fəaliyyətə başlayır, orada bir müəllimə ilə tanış olur, özündən 5 yaş böyük evli bir xanımla. Onlar saf bir məhəbbət yaşayırlar. Əsərdəki Eyvaz o qadına şeirlər həsr edir. Amma bu gəncin görünən tərəfi yalnız yaradıcılığı ilə bağlıdır – həm universitetdə, həm onun ailəsində, həm də sevdiyi qadın tərəfindən görünən tərəfi odur ki, bu insan gənc bir alimdir, istedadlı bir şairdir. Gözəl şeirləri var, Moskvada hüquq təhsili alır, lakin onun həyatının görünməyən tərəfləri də var – dövlətlə dərin əlaqələri mövcuddur, Azərbaycanın milli maraqları naminə xaricdə fəaliyyət göstərir. Yəni, bunu heç kim bilmir, ancaq ölkə başçısı səviyyəsində 3-4 nəfər bilir. Bu isə roman qəhrəmanı olan Eyvazın həyatının həm etibarlı təminatı deməkdir, amma eyni zamanda həm də risk etməkdir. Bu risk də sonda onun faciəvi sonluqla həyatını itirməsinə gətirib çıxarır və nəticədə romanda həm eşq yaşanır, həm də Vətənə təmənnasız məhəbbət təsvir olunur. Hərçənd ki, sevgisi qarşılıqsız olur, çünki həmin qadın Eyvazı bir az əyləncə xatirinə sevir. Eyvaz isə ömrünün sonunda belə, xaricdə vacib bir missiyanı yerinə yetirərkən həlak olanda da həmin qadını düşünür, onunla bağlı fikirlərini qeyd edir, şeir də yazır və dövlətdən sevdiyi qadın üçün bir təminat istəyir. Qadın isə bu məqamı lap sonda, romanın sonunda başa düşür. Bir növ Vətənə məhəbbət, bir qadına məhəbbət, bir də sevgi ilə maddi maraqların ziddiyyəti romanın əsas süjet xəttini əks etdirir. Yəni, əsərdə belə romantik və düşündürücü məqamlar var.
– O qadının sonu necə olur bəs?
– Bilirsiniz, o qadın öz ailəsində hüzuru olmayan, ən əsası isə öz həyat yoldaşı tərəfindən sevilməyən bir xanımdır. Qarşısına cavan, enerjili, savadlı və perspektivli bir oğlan çıxıb. Ona aşiq olur. Lakin maraqlar toqquşur, o oğlanın karyerası gəlib həmin qadının karyerasını üstələyir, bax məhz o zaman artıq qadının sevgisi dönüb nifrətə çevrilir. Hətta evdə də deyirlər ki, sən dəlisən, çox riskə getmisən və hər şeyi yazmısan. Amma mən bir daha deyirəm ki, hamının tanıdığı Əhmədin şəxsi həyatı üzərinə bir yazıçının fantaziyasını da əlavə etmişəm. Mənim özümə də maraqlıdır ki, o uydurub qələmə aldığım məqamları oxucular daha real qəbul edirlər. Çünki, bir çox şeylərə baxırlar ki, aha, Əhmədin öz həyatı ilə üst-üstə düşür, realdır və gəlib çatırlar mənim o uydurma kimi qələmə aldığım məqamların üzərinə, o zaman oxucular öz şəxsi məntiqlərindən çıxış edirlər və düşünürlər ki, əgər on dənə həqiqətlə rastlaşıblarsa, deməli on bir, on iki və sairə məqamlar da həqiqət olmalıdır, sadəcə biz oxucu olaraq bunu bilmirik və başlayırlar şübhələrə qapılmağa. Oxucuları da qınamıram, zatən belə həqiqətləri insanlar heç vaxt bilmirlər.
– Yəni bundan sonra sizi kəşfiyyatçı kimi də görəcəklər…
– Oxucunun ehtimallarına sərhəd çəkmək olmaz. Ona qalsa, Çingiz Abdullayev gərək Ceyms Bond olsun (gülür). Özümə də maraqlı gəlir. Amma bu cür sualları cavablandırmaq istəmirəm. İnsanlar başlayırlar ki, bu kimdir, o kimdir. Yalnız görəndə ki, ailəm ciddi təlatüm içərisindədir, onları başa saldım ki, bəs yazıçı nə yazmalıdır?! Təxəyyülə, fantaziyaya da yer verməlidir, bu da normaldır.
– Yəni Sizin sevdiyiniz qadın da olmayıb?
– Bu da mənim sirli saxladığım məqamlardan biridir. Əgər evdə də bunu açıqlamıramsa, deməli ictimaiyyətə də açıqlamayacam, qoy maraqlı qalsın. Sevinirəm, deməli mən insanları inandıra bilmişəm ki, onlar internetdə də mənə suallar yazırlar və soruşurlar ki, Əhməd, bu şeyləri sən yazmısan, doğurdan da belə şeylər olub həyatında? Sevinirəm, deməli mən inandıra bilmişəm. Axı mən nə yazmalıydım?! Mən yazsaydım ki, Norveçdə, dağlıq bir kənddə Antonio adlı bir qəhrəman və sairə… insanlar bunu sadəcə ədəbiyyat kimi qəbul edəcəkdilər. Amma mən hal-hazırda Bakı Slavyan Universitetində rektor, dekan və qapıçı vəzifəsində çalışan insanların real adlarını çəkmişəm, onlar da oxusalar, görərlər ki, onlarla bağlı məqamların da 80 faizi həqiqətdir
– Onlardan tənqidi yanaşdığınız şəxslər varmı?
– Yox, onların içərisində tənqid olunanı yoxdur. Tənqid obyekti əsas o xanımdır. Adı şərti olaraq Humay Əsədullayevadır, Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışır. Təsəvvür edin ki, universitetdə həqiqətən də Əsədullayeva soyadlı bir kafedra müdiri olub, amma onun adı başqa idi.
– Bəs narahat deyilsiniz ki, tutaq ki, o xanımın adına ləkə gələr? Narahat olmamısız, buna vicdanınız necə yol verib?
– Mən, ümumiyyətlə şeirlərimdə də bir az saxta şeylərdən uzağam, özümü məcbur edə bilmirəm fantaziyamdan, təxəyyülümdən çox yararlanmağa. O ki qaldı o qadına, o qadın ola bilsin ki, oxuyub romanı. Çox güman ki, oxuyub, özü qəbul eləməsə də, hiss edəcək ki, həqiqəti yazmışam. Çünki onu çox tənqid edirəm, onun sevgisinin hardasa maddi maraqlar üzərində qurulduğunu qabardıram…
– Söhbət real Əsədullayevadan gedir?
– Yox, həyatdakı real qəhrəmandan danışıram. O da yəqin ki, oxuyub, yəqin qəbul etməyəcək özü haqqında o şeyləri…
– Eyvaz Humaya görə karyerasını buraxır. Söhbət hansı karyeradan gedir?
– Eyvaz Moskvada Akademiyada oxuyur, həm də Nazirlər Kabinetində işləyir. Əmisi də Rusiyada yüksək vəzifə tutur. Hər şey yaxşıdır. O vaxta kimi ki, Humayla bir dövlət tədbirində tanış olur. Xocalıyla bağlı bir tədbirdə. Sonra onların arasında münasibət başlayır. Artıq Moskva ilə əlaqələri bitirir və ordakı əmisinin də israrına baxmayaraq, Bakıda qalır. Yəni kifayət qədər ciddi işini özü də Rusiyada dövlət işini buraxıb gəlir.
– Sizin də əminiz var Rusiyada?
– Əmim, bəli, Rusiyada yaşayır.
– Onda belə çıxır ki, Siz də karyeranızı buraxıb gəlmisiniz.
– Karyera deməzdim, mən orda praktikada olmuşam.
– Siz iddia edirsiniz ki, əsərin real alınmasına çalışmısınız və mən deyərdim ki, bununçün çox risqə getmisiniz. Amma bir tərəfdən də Sizin yazdığınız Eyvaz obrazı həyati deyil. O məqamlarda ki, o, qadına görə karyerasını atır. Çünki indiki cavanlar əksinə qadından istifadə edib, karyera qazanırlar…
– Düzdür, mən də fikirləşirəm hərdən özümü o qəhrəmanın yerinə qoyuram ki, edərəmmi? Amma bəlkə də eləyərəm, əgər sevdiyim qadın əsərimdəki o qəhrəman kimi olmasaydı.
– Əhməd müəllim, sizin bu romanınız yəqin ki, maraqla qarşılanacaq. Amma etiraf edək ki, bu marağın səbəbi heç də sizin ədəbi bacarığınızla bağlı deyil. Sadəcə, bu kitabların işıq üzü görməsi çox təzadlı bir dönəmə təsadüf etdi. İkincisi isə sizin tutduğunuz vəzifə ilə bağlıdır. Ona görə də, yəqin ki, bu kitab qalmaqal da yaradacaq. Buna hazırsınız?
– Düz deyirsiniz. Azərbaycanda ən rəqabətli sahələrdən biri də ədəbiyyat sahəsidir. İstənilən şəxs kitab yaza bilər və dərc etdirə bilər. Əsər nə qədər güclü də olsa, yazıçının tanınıb-tanınmaması onun oxucu cəlb etməsində müstəsna rol oynayır. Yəni, müəllifin kimliyi və cəmiyyətdə tutduğu mövqeyi böyük rol oynayır. Necə deyərlər, doğru məkan və doğru zaman “Sevdiyim qadın” romanı üçün düşərli olub. Bu baxımdan əfsuslar olsun ki, özümü şanslı hesab edirəm bu romanda. Amma kaş ki, belə bir şans qarşıma çıxmayaydı. Yəni, tutduğum vəzifə, Milli Məclisdə çalışmağım və son hadisələr məni də ictimaiyyətin, mətbuatın diqqət mərkəzinə gətirdi. Bu baxımdan, dediyim hər bir söz, etdiyim hər bir hərəkət, hətta etmədiyim hərəkət də diqqəti mənə cəlb edir. Odur ki, bu roman da sosial şəbəkələrdə min cür yozulmaqdadır. Xüsusən də, müxalifət yönümlü gənclər romanın adında qadın sözünü görüb, romanın sevgidən bəhs etdiyini bilib, bunu mənim şəxsi həyatıma yozur, haradasa etikadan kənar şərhlər səsləndirirlər. Bunu mənim işimlə də bağlayanlar var, amma özümə söz vermişəm ki, bu cür ittihamlara, söz-söhbətlərə cavab verməyim. Çünki, bilirəm ki, bu romanı şəxsi həyatımla yüzdə yüz üst-üstə qoymağa çalışanlar da olacaq, bundan yanlış nəticələr çıxaranlar da. Odur ki, həmin insanları sona qədər intizarda saxlamaq istəyirəm. Həm oxucuları, həm də barəmdə fikir səsləndirən o tənqidçiləri öz fikirləri ilə baş-başa buraxmışam. Hələ ki sirli qalmağın tərəfdarıyam.
– Bu sirlilik sizə xeyirdir, indiki dönəmdə kiməsə ziyan olacaq axı?
– Belə deməzdim.
– Mən nəhayət, heç olmasa, bu suala cavab almaq istəyirəm. Moskvada oxuyan bir gənc qarşısına çıxdığı qadına aşiq olub. Qayıdıb Bakıya. Yəni Eyvaz… Siz də deyirsiniz ki, bu Eyvaz Əhməddir. Əhmədin də həytında “Sevdiyim qadın” olub, ya yox?
– Deməzdim ki, Eyvaz 100 faiz Əhməddir, əvvəldə dedim axı bir çox məqamlar yazıçı təxəyyülüdür. Siz məni tanıyırsınız, bəzi hissələri, Moskvada təhsil almaq, Bakıya qayıtmaq – həyatımın bu məqamlarını mən heç cür təkzib edə bilmərəm. Əsas mənim təsdiq və ya təkzib edə biləcəyim məqamlar elə bu sevdiyim insanla bağlıdır. Sevdiyim insan da deməzdim, romanda sevdiyim qadın kimi təqdim olunan o obrazla bağlıdır. Ona da bilmirəm vallah nə cavab verim… Həqiqəti söyləsəm, bu, həm ictimaiyyətdə yanlış yozmalara gətirib çıxardacaq, həm də mənim ailəmdə bəzi söz-söhbətlərə səbəb olacaq.
– Yəni odla su arasında qalmısınız?
– Bəli, yəni bu romanı diqqətlə oxuyan və məni şəxsən tanıyan adamlar hardasa barmağını dişləyəcəklər ki, ay da…, bu insan yazıb ey nəyi var… Bilməyənlər bir az yanlış yoza bilərlər, səthi yanaşa bilərlər, amma narahat deyiləm. Yenə deyirəm, söz vermişəm heç bir açıqlama verməyəcəm. Çünki bu romanın şəxsi həyatımla bağlı olub-olmadığını təsdiq də etmək mənə sərf eləmir, təkzib də eləmək. Təsdiq eləsəm, evdə problem yaşaya bilərəm…
– Tək evdə yox..
– Bəli, cəmiyyətdə də. Təkzib eləsəm də, müəyyən dairələrdə, ən çox da elə o sevdiyim xanım qarşısında bir az yalançı görünə bilərəm.
– Kitabı yazmağa başlayanda belə bir məqsəd qoymuşdunuzmu qarşınıza ki, elə bir vəziyyət yaradım ki, kitabdakı Humay obrazı barədə şübhə yaransın və kitab yaxşı oxunsun, daha dəqiq desək, yaxşı satılsın?
– Romanı başlayanda necə bitəcəyini özüm də bilmirdim. Sadəcə, hər günkü əhval-ruhiyyəmə uyğun olaraq, davam elətdirirdim romanı. Ola bilsin ki, hardasa belə bir ehtimalı da nəzərə almışam və şübhələrə yer qoymuşam ki, bunu da hər bir yazıçının manevri kimi qəbul etmək lazımdır. Hər bir yazıçı istəyər ki, əsəri oxunsun və çox satılsın.
– Və bağışlamaq olar bunu, sizcə?
– Əlbəttə…
Qızılgül Abdinova, Modern.az