Qəlbimdə bir ağac əkmişdim
Sevgi ağacı.
Səninlə ilk tanış olduğum o gün
əkdim həmin ağacı.
Həm xatirə olsun deyə,
həm də sən olmayanda
səni xatırlatsın deyə
əkdim o ağacı.
Həm də düşündüm ki,
ömür adlı bu qarlı-çovğunlu bir yolda
gah soyuqdan, gah da istidən
qorunmaq üçün gizlənə bilim
o ağacın yarpaqları altında.
Baharda əkdim o ağacı.
Çox tez də böyüyürdü
Manşallah!
Bəzən həsrətdən dolan göz yaşlarıyla
bəzən də sevincdən süzülüb gələn
damcılarla sulayırdım o ağacı.
Ağac böyüyürdü sevgimiz kimi
Tez-tez küləklər əssə də,
çovğunlar, dolular
ağacı kökündən zədələsə də
ağac yenə tab gətirirdi.
Bar gətirməsə də,
qocaman bir görünüşü var idi.
Hamının gözü bu ağacda idi
paxıllıq edənlər də var idi.
Bu ağacı kökündən çıxartmaq istəyən
budaqlarını sındırıb zəiflətmək,
yarpaqlarını qoparıb kiçiltmək istəyən
çoxları var idi ətrafımızda!
Amma biz bu ağacı kimlərdən, nələrdən qorumadıq?!
Yadındamı, sevgilim?
Bu ağacın kölgəsində keçirdiyimiz
o uzun gecələri xatırlayırsanmı?
İlk dəfə sənə toxunduğum o günü
ilk dəfə səni öpdüyümü
ilk dəfə səni səndən aldığım o gecə!
O ağacın kölgəsi altda baş verdi hər şey!
O ağac sevgimizə şahid oldu!
Söz vermişdik bir-birimizə
o ağacı qoruyaq deyə!
o ağacı böyüdək,
o ağacı sevək deyə!
Amma bilməzdim ki,
sevgimizin qışı da olarmış
Həmişə yaşıl olan o ağacın da
yarpaqları solarmış.
Sevgi adlanan o ağac
yavaş-yavaş yox olarmış.
Çox acıdır o ağaca baxmaq
gövdəsi zəifləmiş,
budaqları qırılmış,
yarpaqları qopmuş
tamam çılpaq olmuş.
Amma yenə bir ümid var.
Sadəcə bir dənə.
Bəlkə də son ümiddir, sevgilim!
Gəl yenidən qayıdaq o yerə, o məkana
yenidən ağac altda dayanaq,
yaşananları xatırlayaq
bir az kövrələk, lap elə ağlayaq
qoy ağac nəm çəksin göz yaşlarından
gəl yenə bir olaq, birlikdə olaq!
Bax, ağac da sevinir bu məhəbbətə
Bu hisslərə, bu sevgimizə
Ağacın son budağındakı son yarpaq da
gülümsəyir baxıb bizə.
Gəl qırmayaq o yarpağı
Sındırmayaq o budağı
Sevgimizə şahid olan
Soyuqda da, çovğunda da
Budağından ayrılmayan
Bizim üçün dua edib
gücə-gündüz dalğalanan
Gəl, qoruyaq sevgimizin rəmzi olan
Son yarpağı!
Gəl, yaşadaq!
Son yarpağı!
Əhməd Şahidov
07 İyun 2012-ci il, saat 01:35, Bakı, Azərbaycan