Əhməd Şahidov Şimali Kiprdə təşkil olunan 28 may – Respublika Gününə həsr olunmuş gecədə iştirak edib – FOTO

28mayDoğu Akdeniz Universitetində təşkil olunan gecədə tanınmış müğənni İradə İbrahimova konsert proqramı ilə çıxış edib

Şimali Kiprin Doğu Akdeniz Universitetində, eyni adlı universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə 28 may-Respublika Gününə həsr olunmuş gecə təşkil olunub. Azərbaycanlı və bir sıra xarici ölkənin tələbələrinin iştirak etdiyi gecə Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94 ili tamam olması və Azərbaycanın ev sahibliyi etdiyi “Avroviziya 2012” musiqi yarışması ilə bağlı müxtəlif videoçarxlar yayımlanıb.

Bundan sonra gecəni Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov açıq elan edib. O, öncə gecə iştirakçılarını salamlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi yol, müasir inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü tamam olur.

Azərbaycan Cəmiyyətinin prezidenti həmçinin bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu vurğulayaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu bayramın hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu söyləyib.

Daha sonra gənc alim, fəlsəfə doktoru Əhməd Şahidov çıxış edərək bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə ürəkdən təbrik edib, ölkəmizə sülh və firavanlıq arzulayıb. Əhməd Şahidovun özünün müəllifi olduğu “Üçrəngli bayraq” adlı şeirini səsləndirməsi gecə iştirakçılarının alqışları ilə qarşılanıb.

Çıxışlardan sonra ölkəmizin tanınmış müğənnisi İradə İbrahimova konsert proqramı ilə çıxış edib. Onun ifa etdiyi mahnılar qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Gecənin sonunda Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Məcid Haşhemipur təmsil etdiyi universitetin xatirə plaketini İradə İbrahimovaya təqdim edib.

Bu yazını Facebookda şərh et