“Yeni Gün” verilişinin bazar ertəsi yayımlanan “Azərbaycan saatı” proqramının qonağı olan Əhməd Şahidov Azərbaycanla bağlı müzakirələrdə iştirak etmiş və bir-neçə şeirini səsləndirmişdir
Xəbər verildiyi kimi, Ankara şəhərində keçirilən “Birinci Beynəlxalq Təhsil Simpoziumu”nda iştirak etmək üçün Türkiyəyə səfər edən gənc alim
Əhməd Şahidov May ayının 14-də TRT AVAZ kanalının “Yeni Gün” verilişinin bazar ertəsi yayımlanan “Azərbaycan saatı” proqramının qonağı olub. Üç saat davam edən proqramda Azərbaycan ədəbiyyatı, musiqisi, müasir gənclik, habelə Dağlıq Qarabağ problemi ilə bağlı söhbətlər olub. Proqramda eyni zamanda Atatürk Universitetinin Azərbaycan ədəbiyyatı müəllimi, doçent doktor Sedat Adıgüzel və Bolqarıstanın tanınmış türk müğənnisi Faruk Yılmaz iştirak etmişlər.
“Azərbaycan saatı” proqramının əsas mövzusu Azərbaycan ədəbiyyatı ilə bağlı idi. Klassik Azərbaycan şair və yazıçıları barədə söhbət edilmiş, Azərbaycan ədəbiyyatının bugünü haqqında danışımlışdır. Proqramda çıxış edən gənc şair Əhməd Şahidov bütün TRT AVAZ izləyicilərini və Türk dünyasını salamlamış, daha sonra özünün qələmə aldığı şeirlərdən bir-neçəsini səsləndirmişdir.
Azərbaycanda kitab oxumaq sahəsindəki vəziyyətdən söhbət açan Əhməd Şahidov bu sahədəki durumu Türkiyə ilə müqayisə etmiş və çox maraqlı rəqəmlər ortaya qoymuşdur. Daha sonra Dağlıq Qarabağ problemi barədə söhbət edilmiş, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə danışılmış və dünya ictimaiyyətinin, xristian Avropasının erməni vəhşətlərinə göz yumduğu söylənilmişdir.
Proqramın sonunda Əhməd Şahidov Anadolu türkcəsində qələmə aldığı “Ben Türküm” şeirini səsləndirmişdir. Əhməd Şahidovun şeirləri studiyada əyləşən tamaşaçılarda duyqusal anlar yaşatmışdır.