Tədbirdə Azərbaycanı Əhməd Şahidov təmsil edəcək
Bu gün Qırğızıstanın Cəlilabad şəhərində “Qloballaşma və Türk dünyası” adlı VII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı işinə başlayıb. Konfransda dünyanın bir çox yerlərindən 50-ə yaxın alim və tədqiqatçı iştirak edir.
Qloballaşan dünyada türklərin rolu konfransın əsas mövzusu olacaq. Konfransda Türkiyədən, Şimali Kiprdən, MDB ölkələrindən gənc alimlər də iştirak edəcək. Azərbaycanı bu konfransda gənc tədqiqatçı Əhməd Şahidov təmsil edir. Ə.Şahidov konfransda “Türkiyənin terrorla mübarizə metodları” adlı məruzə ilə çıxış edəcək.
Üç gün davam edəcək elmi konfransın əsas məqsədi bütün türk dövlətlərinin eyni maraqdan çıxış etməsi, qlobal böhranlara qarşı eyni cəbhədən mübarizə aparmasıdır. Konfrans barədə məlumat aldığımız Ə.Şahidovun sözlərinə görə, bu ilin mart ayında Istanbulda keçirilən beynəlxalq konfransdakı uğurlu çıxışından sonra ikinci dəfə Qırğızıstandakı konfransa dəvət alıb. “Cəlilabad şəhərində keçirilən bu konfransda Türkiyənin terrorla mübarizəsi barədə məruzə edəcəm. Bu mövzunu seçməyimin səbəbi odur ki, Türkiyə terrora daha çox məruz qalan bir türk dövlətidir. Lakin buna baxmayaraq, Türkiyə dövlətini, Atatürkün qurduğu dövlətçilik ənənələrini dağıtmaq mümkün olmayıb. Türkiyə yenə güclü ordusu, məşhur turizm infrastrukturu ilə dünyada birincidir. Bu səbəbdən Türkiyənin terrorla mübarizə metodlarını araşdırmaq qərarına gəldim və çox maraqlı məqamlarla qarşılaşdım”.
Ə.Şahidov deyir ki, Türkiyə terrorla mübarizəni təkcə dağlarda hərbi əməliyyatlar keçirməklə deyil, eyni zamanda məktəblərdə, universitetlərdə müxtəlif tədbirlər keçirməklə, insanları maarifləndirməklə aparır. Bu bəladan Türkiyənin uğurları xeyli təqdirəlayiqdir. Bunun nəticəsidir ki, dağlarda illərdir Türk dövlətinə qarşı vuruşan PKK-çı gənclər müəyyən müddətdən sonra könüllü surətdə silahı yerə qoyur və Türk əsgərinə təslim olurlar. Onların bu əməlini anlayışla qarşılayan Türk hüquq sistemi həmin insanların reabilitasiyası üçün ciddi tədbirlər həyata keçirir və bu cür insanların yenidən cəmiyyətə faydalı olması üçün onlara yardım edir.
Ə.Şahidov bildirir ki, ixtisası dilçiliklə bağlı olsa da, filologiya elmləri namizədiliyinin müdafiəsinə hazırlaşsa da, son zamanlar dünyada intensivləşən terror aktları, Azərbaycanın da üzləşdiyi bu problem onu narahat edir. Buna görə də gələcəkdə doktorluq dissertasiyasını Türk dövlətlərində təhlükəsizlik probleminə həsr etmək niyyətindədir.
“Azadlıq” qəzeti