PAKİSTANDA NƏŞR OLUNAN KİTABDA ƏHMƏD ŞAHİDOVUN MÜSAHİBƏSİ DƏRC OLUNUB

pakistanPakistanlı jurnalist Urdu dilində Azərbaycan haqqında kitab yazıb

Bu günlərdə Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin təşəbbüsü və bu ölkənin “Diplomatik star” jurnalının baş redaktoru Amir Mahmud Battinin müəllifliyi ilə urdu dilində “Azərbaycan – Odlar yurdu” adlı kitab çapdan çıxmışdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kitabın ilk fəsilləri Azərbaycan tarixinə və dövlət atributlarına həsr olunmuşdur.
Nəşrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ümummilli liderin Azərbaycanın dünya ölkələri sırasına qüdrətli bir dövlət kimi daxil olunmasında müstəsna rolu, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti barədə ətraflı məlumat verilmişdir. Bundan əlavə, kitabda dövlətimizin başçısının BMT Baş Məclisində və Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə dair çıxışlarının mətnləri dərc edilmişdir.
Nəşrdə, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü və erməni terroru, Qanlı Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Qarabağın tarixi, Xocalı soyqırımı və “Xocalıya ədalət!” kampaniyası barədə ətraflı məlumatlar yer almışdır. Pakistanlı jurnalist Amir Mahmud Batti Urdu dilində qələmə aldığı kitabda Respublika Uşaq Təşkilatının fəaliyyəti barədə yazır, millət vəkili Gülər Əhmədovanın uşaq hüquq və azadlıqları istiqamətində gördüyü işləri işıqlandırır.
Kitabda diqqəti çəkən məqamlardan biri də gənc azərbaycanlı alim, Filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidovun həmin kitabda müsahibəsinin dərc edilməsidir. Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ konflikti, habelə Azərbaycan-Pakistan münasibətləri barədə pakistanlı jurnalistin suallarını cavablandıran Əhməd Şahidov öz şəxsi həyat və yaradıcılığı, təhsili və gələcək planları barədə fikirlərini də pakistanlı oxucularla bölüşür. “Azərbaycan – Odlar yurdu” adlanan bu kitab Azərbaycan və Pakistan arasındakı dostluq münasibətlərinə həsr olunmuş ən böyük nəşrdir.

Bu yazını Facebookda şərh et