YOLLAR

Həyatımın ən çətin anları,
Bəzən hər kəsdən, hər şeydən
Qaçıb gizlənmək istəyi
Bəzən də özüm özümdən uzaqlaşmaq həvəsi
Bəzən isə yeni yerlər gəzmək,
yeni insanlar, yeni dostlar tapmaq arzusu.
Bəzən də məcbur olub
sevdiklərimdən ayrıldığım anlar
Hamısının səbəbkarı sənsən!
Yollar! Yolllar! Uzun-uzadı yollar!

Çox şeyi almısan əlimdən
Gecələr evimdə, isti ocağımda yatmağımı
Səhərlər isə can dərdi yuxudan oyanmağımı
Dostlarımı, yoldaşlarımı, sadəcə tanıdığım,
amma adını belə bilmədiyim tanışlarımı
Dostlarımın tez-tez telefon zənglərini,
məni sevənlərin sevgi mesajlarını
və mənim həmin mesajları gizlincə oxumağımı
Sevgimi almısan əlimdən
salmısan küçələrə məni
Yollar! Yollar! Vəfasız yollar!

Vətənə həsrət qoymusan məni
Doğma şəhərimə ilk qarın necə yağdığını
görə bilməmişəm!
Qarlı-buzlu küçələrdə insanların yıxılıb əzildiyini
Su basmış küçələrdən maşınların necə keçdiyini
Gecələr qaranlığa qərq olmuş doğma Bakımı
görə bilməmişəm!
Uşaqların qartopu oynamasını
Şaxtalı havada küçədəki dilənçilərin donmuş əllərini
Qarlı küləkli Bakı bulvarında sevənlərin alovlu gözlərini
Görə bilməmişəm heç nəyi.
Həsrət qoymusan məni hər şeyə
Yollar! Yollar! Amansız yollar!

Qazandıqlarım da olub səndən
Sənin yollarında vaxtım da çox olub
Düşünməyə, götür-qoy etməyə.
Tanıdığım kimlərisə, yaşadığım nələrisə
xatırlamağa, xəyallara dalmağa
çox vaxtım olub.
Həm də bərkimişəm bu yollarda
Həsrətə də alışmışam,
yad insanların sərt baxışlarına öyrəşmişəm
Uzun-uzun yolların yorğunlğu də üzmür məni daha
Artıq yollar yorğunu olmuşam.
Sayəndə!
Həyatda çox şeylər öyrənmişəm!
Qədrini bilməyə başlamışam…
Ailəmin, sevdiklərimin, Vətənimin
Vaxtımın qədrini bilməyə başlamışam.
Daha güclü olmuşam.
Tək özümə güvənmişəm.
Öz ağlıma, öz canıma və bir də Allahıma inanmışam!
İtirdiyim dostların əvəzinə yeni dostlar qazanmışam
Yeni yeni şəhərlər kəşf etmişəm özüm üçün
yeni insanlar, yeni fikirlər,
yep yeni imkanlar əldə etmişəm.
Dünyam da dəyişib, əvvəlki kimi deyiləm daha
Həyatda hər şeyimi dəyişmisən, yollar!
Amma nə yazıq ki, dəyişməyən dəyərlər var
Nə qədər də uzun olsan,
nə qədər də sərt olsan,
nə qədər möhtəşəm,
nə qədər uzaq olsan da,
məni Vətənimdən uzaqlaşdıra bilməzsən!
Dəyişə bilməzsən Vətənimi!
məni sevgimdən uzaqlaşdıra bilməzsən!
Sevə bilmərəm nə səni, nə də bir özgəni!
Mən Azərbaycanı sevirəm, yollar!
Mən tək olan sevgimi istəyirəm, yollar!
Apar məni yenə ora, Azərbaycanıma apar!
Qaytar məni öz dünyama, məni sevgimə qaytar!
Yollar! Yollar! Ay Yollar!

20 Fevral 2012-ci il saat 15:30, Domodedovo aeroportu, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et