Artıq qərarımı vermişəm
sevirəm səni.
Dönmək fikrim yoxdur bu qərarımdan
Hər şeyi gözə almışam
və özümə söz vermişəm
sonadək sevəcəm səni.
Bu sevgi çox çətin olsa da,
hamı məni qınasa da,
ailəm, atam-anam qarşı çıxsa da,
dostlar məndən üz döndərsə də,
mən sözümdən dönməyəcəm
və yenə səni sevəcəm.
Məhbus qadın!
Hər şeyə hazıram həyatda
Hamıdan, hər şeydən imtina etməyə
dostlardan əlimi üzməyə,
tək qalsam da, davam edərəm
yenə səni sevməyə.
İmtina etmərəm səndən
üzmərəm əlimi səndən.
Qoy alsınlar hər şeyimi
adımı, sanımı, malımı
lap elə canımı alsınlar,
yenə əl çəkmərəm səndən
təki səni almasınlar məndən.
Məhbus qadın!
Səni sevirəm!
dəlicəsinə sevirəm, ölümünə sevirəm!
İstə, canımı sinəmdən çıxarım
sənə verim.
İstə, gözlərimi bəbəyindən çıxarım
sənə verim.
İstə, azadlığımı verim sənə.
İstə, nə istəyirsən istə məndən
Amma özünü istəmə!
Səni verə bilmərəm heç kimə
heç sənə də!
Sən mənimsən, tək mənim.
Sən canımsan, göz bəbəyim.
Səni qoruyacam, sevəcəm səni
Məhbəsdirsə həyatın sənin,
dörd divar içində yox,
Qəlbimdə saxlayacam,
oradır yerin sənin.
Məhbus qadın!
Əhməd ŞAHİDOV
08 Yanvar 2012-ci il, 04:20, Bakı, Azərbaycan