MÜƏMMƏR QƏDDAFİ ASILACAQ

Xalqına silah qaldıran Liviya diktatorundan sonra Suriyanın qaniçən diktatoru Bəşər Əsəd də tarixin arxivinə göndəriləcək
Liviya üsyançıları Müəmmər Qəddafiyə tabe ordu birləşmələrinin nəzarətində olan paytaxt Tripoli şəhərini hücumla ələ keçiriblər. Şəhərin böyük hissəsi artıq müxalifətin nəzarətindədir.
Üsyançıların hücumuna NATO aviasiyası havadan dəstək verir. Hər iki tərəf böyük itkilər verir, son 12 saat ərzində 1500 nəfərin öldüyü bildirilir.
Üsyançılar paytaxtda mövqe tutan hökumət qoşunlarına ilk zərbəni bu gecə endiriblər, daha sonra Tripolidən 27 kilometr uzaqlıqda yerləşən hərbi bazanı ələ keçiriblər. Bundan başqa Qəddafinin oğlu Xamisin rəhbərlik etdiyi elitar briqadanın kazarmalarını da üsyançılar tutulub. Üsyançıların bir hissəsi isə şəhərə dənizdən daxil olub.
Bakı vaxtı ilə 04.30-da Tripolidə əsas strateji obyektlər – liman, aeroport, televiziya üsyançıların əlinə keçib. Bununla belə şəhər mərkəzində binaların damına yerləşdirilmiş snayperlər üsyançıların irəliləməsinə mane olur. “Reuters”in məlumatına görə, Müəmmər Qəddafinin oğlu və varisi Seyf əl-İslam öz mühafizəçilərilə birlikdə əsir götürülüb. Hazırda onun Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə dair danışıqlar aparılır. Liviya liderinin digər iki oğlu Məhəmməd və Səid də əsir götürülüb. Məhəmməd Kəddafi “Əl-Cəzirə” telekanalına açıqlama verən zaman canlı yayımda atəşə tutulub. Efirdə evinə hücum edildiyini deyən Məhəmməd Qəddafi əsir götürülüb və canlı yayım yarımçıq kəsilib. Müəmmər Qəddafinin taleyi isə məlum deyil. “Reuters” agentliyi polkovnikin həbs olunduğu barədə məlumat yaysa da, sonradan bu xəbər təkzib olunub. Bəzi məlumatlara görə, Qəddafi istefaya getməkdən imtina edib və üsyançıları hərbi əməliyyatları dayandıraraq danışıqlara başlamağı təklif edib. Son məlumata görə, televiziya ilə çıxış edən Qəddafi Tripolidə olduğunu və təslim olmayacağını deyib.
Son məlumatlara görə, Liviyanın paytaxtı Tripoli şəhərinə daxil olan üsyançılar Müəmmər Qəddafinin iqamətgahına yaxınlaşıblar.
“Franse-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Qəddafinin iqamətgahının yerləşdiyi Bab əl-Əziziyyə məhəlləsindən atəş səsləri gəlir. Diktatorun özünün harada olduğu bəlli deyil. “Reuters” iqamətgahın ərazisindən çıxan 3 tankın üsyançılara atəş açdığını xəbər verib.
Görünən odur ki, daha bir diktator tarixin arxivinə göndərilmək ərəfəsindədir. Güc yolu ilə hakimiyyətə gələn Qəddafi elə güc yolu ilə də devrilmək üzrədir.
Bəs görəsən bundan sonra Liviyada hansı proseslər baş verəcək, Qəddafinin devirilməsi Yaxın Şərqdə nələri dəyişəcək? Eyni zamanda baş verənlər Bəşər Əsədin də taleyinə hər hansı bir formada təsir göstərəcəkmi?
“Diaspor və Lobbi” Strateji Arşadırmalar Mərkəzinin sədri Zaur Əliyev deyir ki, Yaxın Şərqdə prosesləri tam başqa istiqamətdə getməsinə əsas yaradacaq: “Haaqa Beynəlxalq Cinayət Məhkəməsində Qəddafiyə qarşı irəli sürülmüş ittihamlar təsdiq olunsa, Liviya diktatorunu Səddam Hüseynin taleyi gözləyə bilər. Amma etiraf edək ki, Liviyada hadisələrin əsas səbəbi sosial problemlər deyildi, turizmdən gələn gəlirlə yanaşı, orada anadan olan hər uşağa görə 5 min avro dəyərində məbləğ valideynlərə ödənir, neftdən gələn gəlirdən xalqa pay da verilirdi. Bu hadisələr sırf təkrqütblü dünya uğrunda aparılan mübarizənin nəticəsi idi. “Tək qütblü dünya qloballaşmanın əsas tələbidir” mesajı artıq verilib və bütün dünya bununla barışmalıdır.
Tezliklə Suriyada biz Bəşər əl-Əsədin qaçmasını də eşidəciyik. Suriya diktatoru artıq çiynini söykədiklərinin ABŞ təzyiqilə geri çəkilməsin görür və məğlubiyyəti həzm etməyə hazırlaşır. Çünki son anda Çin və Rusiyanın Liviyanı tək qoyması ona açıq mesaj idi. Yaxın Şərqin yeni xəritəsinin cızılması Qəddafinin qaçmasından sonra demək olar ki, başa çatdı. Fransa öz payını əldə etdi, artıq Sarkozi seçicilərinin səsini toplaya biləcək, eyni zamanda Barak Obamada başladığı kompaniyanın uğuruna ümid edə bilər. Almaniya və İngiltərə yeni neft kontraktlarında faizlərin götürdülər. Rusiya və Çində kənarda qalmadı. Liviyada hər kəsin marağı demək olar ki, təmin edildi. İqtisadi baxımdan regionda biz böyük layihələrin hazırlanmasın görəcəyik. Ehtimal böyükdür ki, bu ərazilərdə gizli saxlanılan neftli ərazilərdə güclü işlər başlansın. Çünki Fransanın “Total” neft şirkətinin açıqlamasında deyilirdi ki, bu ölkədə elə axtarışı aparılmayan yataqlar var Bu da o anlama gəlir ki, Liviyanın daha geniş potensialı var. Burada uzun müddətli neft istehsalı başlanacaq”. Zaur Əliyev deyir ki, baş verənlər İrana da təsirsiz ötüşməyəcək: “Hesab edirəm ki, bundan sonra İrana nüvə zavodlarının bağlanması ilə bağlı güclü təzyiqlər artacaq. Yəqin ki, biz İsrail-Fələstin məsələsində konkret addımların atılmasını görəcəyik. Bu məsələdə Türkiyənin siyasi iradəsi də mühüm rol oynayacaq”.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov deyir ki, indi Liviyada baş verənlər, Qəddafinin qaçması gözlənilən bir addım idi: “Çünki, güc balansının kəskin fərqlənməsi bu nəticəni labüd edirdi. Bundan sonra hansı proqnozları vermək olar? Heç şübhəsiz ki, Liviyada baş verənlər çoxşaxəli bir planın tərkib hissəsidir. Düşünürəm ki, Liviyada bundan sonra baş verəcək hadisələr indiyə qədər Əfqanıstan, İraq və Misirdə gedən proseslərdən heç də fərqlənməyəcək – ölkə daxilindəki təriqətlər və nəsillər arası toqquşmalar heç vaxt səngiməyəcək. Çünki, bu, birbaşa ABŞ-ın maraqları çərçivəsindədir. Bu, əsl “Parçala, hökm sür” siyasətidir. Həmin ölkələrdə daxili qruplaşmalar arasında intriqalar və toqquşmalar nə qədər kəskin hal halsa, ABŞ öz siyasətini o qədər asan həyata keçirə biləcək. Tarixə nəzər salaq: ABŞ ordusu İraqa soxuldu. Nə dəyişdi?! Səddam Hüseyn devriləndən sonra İraqda sabitlik yarandımı?! Xeyr! Əksinə, İraqdakı ayrı-ayrı tayfalar hələ də bir-birini qırmaqda davam edir, bundan istifadə edən ABŞ isə İraqın neftini öz anbarlarına daşıyır, İraqın bəzi qüvvələri də ABŞ əsgərlərini öldürməyi özünün bir nömrəli amalı sayır. Götürək elə Əfqanıstanı, orada da vəziyyət eyni cürdür.
Düşünürəm ki, Liviyada yaxın 4-5 ildə hər hansı sabitlikdən söhbət belə gedə bilməz. Hələ uzun müddət Qəddafi tərəfdarları ilə üsyançılar arasında toqquşmalar davam edəcək. ABŞ-ın Liviya ilə bağlı siyasətinin əslində ölkənin təbii sərvətlərinin talan edilməsi olduğunu anlayanda isə Liviya millətçiləri ilə ABŞ ordusu arasında ikinci cəbhə yaranacaq. Odur ki, dünyanın siyasi xəritəsində yeni müharibə ocağının yaranacağının şahidi olacayıq”.
Əhməd Şahidovun fikrincə Liviyada baş verənlər Suriyaya da təsirsiz ötüşməyəcək: “Özünüz də görürsünüz ki, əvvəllər Suriyaya münasibətdə sadəcə açıqlama verən ABŞ rəsmiləri artıq Suriyaya sanksiyalar tətbiq edir, Dövlət Departamenti açıq şəkildə Bəşər Əsədin istefasını tələb edir. Eyni ssenari, eyni proseslər. Çox güman ki, bu ilin sonuna qədər Suriyada da hakimiyyətin zorla devrilməsinə nail olunacaq. Bundan sonra ən böyük plan – İrana hücum reallaşacaq”.

Səlcuq
“Xalq Cəbhəsi” qəzeti, 23 Avqust 2011-ci il

Bu yazını Facebookda şərh et