“NABUCCO”NUN TALEYİ AZƏRBAYCANDAN ASILIDIR?

Əhməd Şahidov: “Düşünürəm ki, “Nabucco” kimi qlobal bir layihənin reallaşdırılması üçün son sözü məhz Azərbaycan rəhbərliyi deyəcək”
Amerikanın nüfuzlu “The Wall Street Journal” qəzeti “Nabucco”nun taleyi Azərbaycandan asılıdır” sərlövhəli məqalə dərc edib.

Məqalə müəllifi Alessandro Torello yazır ki, Rusiyadan qaz asılılığını azaltmaq arzusunda olan Avropa İttifaqı üçün Azərbaycanın mövqeyi bu mənada çox mühüm olacaq. Nəşr yazır ki, bu ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyev qazın Avropaya istiqamət götürəcəyini təsdiqləyib, amma bunun konkret marşrutunu açıqlamayıb.
“The Wall Street Journal” yazır ki, regionun təbii qazla digər zəngin dövləti Türkmənistandır. Lakin Rusiya və İranın müxalif mövqeyi səbəbindən bu ölkənin Avropa önündə öhdəlik götürəcəyi inandırıcı deyil. Nəşrin qənaətinə görə, məhz bu səbəbdən “Nabucco” üçün Azərbaycanın tutacağı mövqe həlledici olacaq.
Mövzu ilə bağlı fikirlərini bölüşən ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun sözlərinə görə, kəmərin kim tərəfindən maliyyələşdirilməsi məsələsi hələ də açıq qalır: “Qərb dövlətləri kəmərin maliyyələşməsinin böyük bir hissəsini Azərbaycanın üzərinə qoymaq istəyir. Ancaq bu, Azərbaycan üçün iqtisadi baxımdan o qədər də səmərəli deyil. Əsas mübahisə məncə maliyyə məsələsi ilə bağlıdır. O yaddan çıxmamalıdır ki, Rusiya bu layihənin gerçəkləşməsini istəmir. Bu baxımdan qəzetin yazdıqlarında həqiqət var. Amma mən deməzdim ki, “Habucco”nun taleyi Azərbaycandan asılıdır. “Habucco”nun taleyində əsas rolu Qərb dövlətlərinin istəkləri oynayacaq. Əgər Qərb dövlətləri daha çox geosiyasi maraqlara üstünlük versələr, layihənin reallaşması problem olmayacaq. Yox, əgər iqtisadi maraqlar önə çıxsa, layihənin reallaşması çətin olacaq. Əlbəttə Azərbaycanın marağındadır ki, Rusiyanın təsiri olmadan, öz qazını sərbəst şəkildə Avropa ölkələrinə satsın. Amma “Habucco”nun o qədər böyük xərcləri var ki, Azərbaycan bunun böyük bir hissəsini öz üzərinə götürə bilməz. Götürsə, layihənin bizim üçün heç bir iqtisadi səmərəsi olmayacaq”.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov bildirir ki, Azərbaycan hazırda netf-qaz ixrac edən ölkəyə çevrilib: “Bundan başqa, Azərbaycanın geosiyasi vəziyyəti də regionda önəmli dövlət olaraq məhz Azərbaycanı önə çıxarır. Heç təsadüfi deyil ki, şimal qonşumuz Rusiya, cənub qonşumuz İran Azərbaycanın bu önəmli mövqeyini qısqanclıqla qarşılayırlar. Rusiya öz növbəsində Dağlıq Qarabağ faktorundan, eləcə də Azərbaycanın şimalında yaşayan etnik azlıqlar arasında münaqişə salmaqla Azərbaycanı bu və ya digər formada təsir altında saxlamağa çalışır. Üstəlik, Qəbələ RLS də bu prosesdə öz sözünü deyir. Rusiyada yaşayan 3 milyona yaxın azərbaycanlının mütəmadi olaraq, təzyiqlərə məruz qalması Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilə bilər. Bunların da bir səbəbi var – Azərbaycanın neft-qaz ehtiyatlarına yiyələnmək, bizim təbii ehtiyatları vasitəsilə dünyada öz hegemonluğunu qoruyub saxlamaq. İran da dini ekstremistliyi qızışdırmaqla, bir çox hallarda Azərbaycanın daxili işlərinə qarışmaqla özünün regionda nüfuzunu qoruyub saxlamağa çalışır. Azərbaycanın üstünlüyündən biri də odur ki, ölkə rəhbərliyi balansladırılmış siyasət aparır və bütün güclərlə tarazlı siyasət aparmağa çalışır. Odur ki, Avropa da Azərbaycanın bu sahədəki önəmini anlayır. Rusiyanın Azərbaycana təsirini azaltmağa və Azərbaycanla birbaşa əməkdaşlıq qurmağa cəhd edir. Bu səbəbdən düşünürəm ki, “Nabucco” kimi qlobal bir layihənin reallaşdırılması üçün son sözü məhz Azərbaycan rəhbərliyi deyəcək. Bu faktın özü Azərbaycanın dünya siyasətində necə açar mövqeyə sahib olduğunu açıq şəkildə göstərir”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, analitik Zaur Əliyev isə deyir ki, Avropa dövlətlərinin enerji problemi həll etmək üçün iki yolu var:”Birincisi, Rusiyadan qaz almaq, ikinci “Nabucco”nu reallaşdırmaq. Birinci variantda Avropa Rusiyadan asılı vəziyyətə düşür və bəziləri siyasətlərini enerji ehtiyaclarına qurban verməli olacaqlar. İkinci halda Azərbaycanla ikitərəfli və bərabər hüquqlu əməkdaşlıq etməlidirlər. Burada ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı siyasi iradəsi mütləq güclənməlidir. Avropa bilir ki, “Nabucco” Azərbaycan üçün mühüm strateji və iqtisadi əhəmiyyət kəsb edən bir layihə deyil. “Nabucco”nun gerçəkləşməsində maraqlı olan güclər Azərbaycanın bu layihədəki iştirakının və maliyyə yatırımının müqabilində ölkəmizə verə biləcəklərini tam müəyyən etməlidirlər. Çünki Azərbaycanın qaz ehtiyatlarının həcmi “Nabucco” layihəsini başqa Xəzəryanı dövlətlərin iştirakı olmadan da reallaşdırmağa imkan verir. Buna görə mütləq Avropa öz siyasətini dəyişməli, erməni diaspor və lobbisinin istəyi ilə deyil, öz milli və enerji maraqlarından çıxış etməlidirlər”.

Səid
“Xalq Cəbhəsi” qəzeti, 03 Avqust 2011-ci il

Bu yazını Facebookda şərh et