Yaxın Şərqdə İran ətrafında artan gərginlik fonunda diqqət əsasən Hörmüz boğazının təhlükəsizliyi və bu strateji keçidin gələcək taleyi üzərində cəmlənib. İranın nəzarətində olan Əbu Musa, Böyük Tunb, Kiçik Tunb və Xarq adaları bölgədə mühüm hərbi-strateji mövqeyə malikdir və bu adalar üzərində nəzarət faktiki olaraq Hörmüz boğazına nəzarət anlamına gəlir. Bu baxımdan, ABŞ-ın regiondakı addımları getdikcə daha çox bu boğazın açılması məqsədinə yönəlmiş görünür.
ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Vaşinqtonun prioritetləri artıq dəyişib və əsas hədəf məhz Hörmüz boğazının açılmasıdır: “Əvvəllər ABŞ-ın gündəmində İran daxilində siyasi dəyişikliklər ön planda idi. Lakin hazırda əsas strateji məqsəd Hörmüz boğazının açıq saxlanılmasıdır. Çünki bu boğaz üzərində nəzarət İranın qlobal enerji bazarına təsir imkanlarını artırır. Xüsusilə də gəmilərdən yüksək rüsumların tələb olunması beynəlxalq ticarət və enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır”.
Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən ABŞ bütün mümkün vasitələri nəzərdən keçirir: “Diplomatik proseslər nəticə vermədiyi halda, hərbi ssenarilər qaçılmaz ola bilər. Strateji adaların, xüsusilə Əbu Musa və Tunb adalarının nəzarətə götürülməsi ABŞ üçün əsas hədəflərdən biri kimi çıxış edir. Çünki bu adalara nəzarət edən tərəf Hörmüz boğazını da nəzarətdə saxlayır. ABŞ heç bir halda bu strateji keçidin İranın tam nəzarətində qalmasına imkan vermək istəmir və bu istiqamətdə həm siyasi, həm də hərbi addımlar gündəmdədir”.




