BİLMƏYƏCƏK

Yenə bir külək əsəcək, alıb aparacaq səni…
Aparacaq, toz-torpağa qarışdırıb yox edəcək.
Yenə bir yağış yağacaq, xatirələr yuyulacaq,
Sevgimiz bir palçıq olub, daşa dönə bilməyəcək!
***
Yenə tufan, yenə çovğun, arxasınca qış gələcək,
Sakit-sakit yağacaq qar, torpaq ağa bürünəcək.
Hər yer düm ağ, hər yer işıq, tək sevgimiz qaralacaq,
Gözlər işıq saçsa belə, ürək dinə bilməyəcək!
***
Yenə həsrət alıb bizi öz cənginə çalxalayır,
Nə səndədir, nə məndədir günah, bizi özü tapıb.
Səndən bir xatirə izi ürəyimi hey dağlayır,
O xatirə qəlbimdədir, ürək dözə bilməyəcək!
***
Yenə bir kağız parçası, gözlərimin önündəsən,
Ürəyimlə söhbət edib, səndən yazmaq istəyirəm.
İlk görüşdən, tanışlıqdan, məsum olan o öpüşdən,
Ürək bir-bir danışsa da, qələm yaza bilməyəcək!
***
Yenə qayıt, gəl mənim ol, hər şey yenidən başlasın,
Sevək, sevək, bir də sevək, sevgi həsrətə dalmasın.
Əssin külək, yağsın yağış, sevgimiz heç sarsılmasın!
Sən gəlməsən, səndən sonra Əhməd sevə bilməyəcək!
Əhməd ŞAHİDOV
15 Dekabr 2010-cu il, saat 00:06, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et