“İrana mümkün hücum region və dünya üçün ciddi risklər yaradır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Son günlər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı müzakirələr beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu ehtimallar Yaxın Şərqdə gərginliyi artırmaqla yanaşı, region ölkələri və qlobal təhlükəsizlik üçün də yeni risklər formalaşdırır.

ARB24 Televiziyasına müsahibəsində siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ hökuməti daxilində İrana hücum məsələsində ciddi fikir ayrılığı mövcuddur: “Vaşinqtonda bu addımı zəruri sayanlarla yanaşı, onun ağır və nəzarətdən çıxan nəticələr doğuracağını düşünən dairələr də var. İrana hərbi hücum təkcə region üçün deyil, ümumilikdə dünya üçün müəyyən risklər yaradır.”

Əhməd Şahidovun sözlərinə görə, mümkün hərbi eskalasiya İranın daxili sabitliyini də sarsıda bilər: “Əgər İran parçalanma mərhələsinə daxil olarsa, bu, ölkə daxilində müxtəlif etnik qruplar arasında uzunmüddətli və davamlı müharibələrin başlamasına səbəb ola bilər. Belə bir ssenari regionda illərlə davam edəcək qeyri-sabitlik deməkdir.”