Davos müzakirələri qlobal siyasi düzəndə dəyişikliklərin sürətləndiyini göstərir – Əhməd Şahidov Real Televiziyasına danışıb

Davos İqtisadi Forumu çərçivəsində aparılan müzakirələr dünya siyasətində yeni mərhələnin formalaşdığını açıq şəkildə ortaya qoyur. Avropa İttifaqı və NATO daxilində artan fikir ayrılıqları, ABŞ-ın Grönlandiya ilə bağlı iddiaları, qlobal güc balansında baş verən dəyişikliklər və beynəlxalq təhlükəsizlik mexanizmlərinin effektivliyinin azalması fonunda mövcud dünya düzəninin gələcəyi ciddi şəkildə müzakirə olunur. Bu proseslər fonunda regional münaqişələr, böyük güclər arasında rəqabət və sülh təşəbbüslərinin rolu daha da ön plana çıxır.

Mövzu ilə bağlı Real Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Davos İqtisadi Forumunda səsləndirilən mesajlar dünyanın yeni siyasi arxitekturaya ehtiyac duyduğunu göstərir: “Prezident İlham Əliyevin Davos Forumunda iştirakı və Euronews kanalına verdiyi müsahibə Azərbaycanın qlobal sülh gündəmində etibarlı və prinsipial mövqeyini bir daha nümayiş etdirib. Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da sülhə töhfə verə biləcək real təcrübəyə malik ölkədir.”

Əhməd Şahidov qeyd edib ki, mövcud mərhələdə beynəlxalq institutlar, xüsusilə BMT Təhlükəsizlik Şurası, çağırışlara cavab verməkdə çətinlik çəkir və yeni mexanizmlərə ehtiyac yaranıb: “Bu baxımdan Donald Trumpın irəli sürdüyü siyasi şura təşəbbüsü və bu çərçivədə Azərbaycana edilən təklifin qəbul olunması ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan 30 illik müharibədən sonra Ermənistanla sülh prosesini irəli aparan dövlət kimi həm Yaxın Şərqdə, həm Ukrayna–Rusiya müharibəsi kontekstində, həm də qlobal səviyyədə dünya sülhünə real töhfə verə bilər.”