Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər və Euronews telekanalına verdiyi müsahibələr beynəlxalq gündəmdə geniş müzakirə olunmaqdadır. Prezidentin enerji təhlükəsizliyi, Avropa ilə əməkdaşlıq, regional sabitlik və beynəlxalq siyasi proseslərlə bağlı səsləndirdiyi mövqelər Azərbaycanın artan strateji rolunu bir daha ön plana çıxarıb.
Mövzu ilə bağlı ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevin Davosda verdiyi mesajlar Azərbaycanın artıq regional çərçivəni aşaraq qlobal miqyasda söz sahibi olan dövlətə çevrildiyini göstərir: “Euronews-a verilən müsahibədə enerji ixracı, Avropa bazarları ilə münasibətlər və Cənubi Qafqazda sabitlik məsələləri çox aydın və prinsipial şəkildə ifadə olundu. Bu, Azərbaycanın öz milli maraqlarını beynəlxalq platformalarda açıq və inamlı şəkildə müdafiə etdiyini göstərir”.
Əhməd Şahidov vurğulayıb ki, Avropa Parlamentinin tənqidlərinə münasibətdə Prezidentin sərgilədiyi mövqe də yeni siyasi reallıqların göstəricisidir: “Azərbaycan artıq əsassız ittihamlara reaksiya vermək mərhələsini geridə qoyub. Davosda aparılan görüşlər və verilən müsahibələr sübut edir ki, Bakı üçün əsas prioritet real tərəfdaşlıq, enerji təhlükəsizliyi və regionda uzunmüddətli sülhün təmin olunmasıdır. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir”.





