Donald Trampın Venesueladan sonra Qrenlandiya ilə bağlı irəli sürdüyü iddialar yeni dünya nizamı kontekstində beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub. Bu bəyanatlar qlobal güc balansı, beynəlxalq hüququn gələcəyi və böyük dövlətlər arasında artan rəqabət fonunda xüsusi diqqət çəkir. Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlama verib.
Əhməd Şahidov bildirib ki, Trampın həm Venesuela, həm də Qrenlandiya istiqamətində səsləndirdiyi iddialar ABŞ-ın gücə əsaslanan xarici siyasət xəttinin daha açıq şəkildə ortaya çıxmasından xəbər verir: “Bu yanaşma beynəlxalq hüquq normalarının ikinci plana keçməsi riskini artırır. Qrenlandiya kimi strateji əhəmiyyətə malik bir ərazinin gündəmə gətirilməsi Arktika regionunda böyük güclər arasında rəqabətin daha da kəskinləşəcəyini göstərir”.
Siyasi şərhçinin sözlərinə görə, bu proseslər yeni dünya nizamının daha qeyri-sabit mərhələyə daxil olduğunu ortaya qoyur: “Belə iddialar digər güc mərkəzlərini də oxşar addımlar atmağa təşviq edə bilər. Nəticədə beynəlxalq sistemdə etimad azalır, qarşıdurma riskləri artır və xüsusilə kiçik dövlətlər üçün təhlükəsizlik çağırışları dərinləşir”.



