Prezident İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeron yarımadasında su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə ölkənin sosial-iqtisadi inkişaf gündəmində xüsusi yer tutur. Müşavirədə paytaxt və ətraf ərazilərdə mövcud su problemləri, infrastrukturun yenilənməsi, su ehtiyatlarının səmərəli idarə olunması və uzunmüddətli planlaşdırma məsələləri ətraflı müzakirə olunub.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Prezidentin bu mövzuya birbaşa nəzarəti su təchizatının strateji məsələ kimi qiymətləndirildiyini göstərir: “Söhbət sadəcə kommunal xidmətlərdən getmir. Bakı və Abşeron üçün su təhlükəsizliyi sosial sabitlik, əhalinin həyat keyfiyyəti və gələcək urbanizasiya planları ilə birbaşa bağlıdır. Müşavirədə problemlərin açıq şəkildə dilə gətirilməsi dövlətin reallıqları düzgün qiymətləndirdiyini göstərir.”
Əhməd Şahidovun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi köhnəlmiş infrastrukturun tam modernləşdirilməsi, su itkilərinin azaldılması və alternativ mənbələrin yaradılmasıdır: “Bu proqram qısamüddətli effekt üçün deyil, növbəti onillikləri əhatə edən sistemli yanaşmadır. Əsas nəticə isə vətəndaşların gündəlik həyatında fasiləsiz və keyfiyyətli su təminatının hiss olunması olmalıdır.”

