İranda son günlər müşahidə olunan kütləvi etirazlar sosial-iqtisadi narazılıq çərçivəsindən çıxaraq açıq şəkildə siyasi xarakter almağa başlayıb. Bahalaşma, işsizlik və uzun illər yığılan ictimai narazılıq fonunda başlayan aksiyalar bir sıra şəhərlərdə hakimiyyət əleyhinə şüarlarla müşayiət olunur. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi, internet məhdudiyyətləri və informasiya blokadası isə ölkədə vəziyyətin daha da gərginləşdiyini göstərir.
Mövzu ilə bağlı ARB24 Televiziyasına geniş müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırda İranda baş verən proseslər təkcə daxili etirazlarla məhdudlaşmır və getdikcə geosiyasi məzmun qazanır. Əhməd Şahidovun sözlərinə görə, etirazların siyasi xarakter alması fonunda xarici təsirlərin də artdığı müşahidə olunur: “ABŞ və İsrail amili xüsusilə diqqət çəkir. Bu ölkələrin İranla bağlı hərbi ssenariləri artıq açıq şəkildə müzakirə mövzusuna çevrilib və bu, regionda vəziyyəti daha da həssas edir”.
Əhməd Şahidov vurğulayıb ki, İranda mümkün parçalanma və ya vətəndaş müharibəsi ssenariləri Azərbaycan üçün ciddi risklər yarada bilər. Onun fikrincə, belə bir vəziyyət sosial və iqtisadi təhlükələrə, sərhədyanı bölgələrdə qeyri-sabitliyə və humanitar problemlərə yol aça bilər: “Azərbaycan bu prosesləri çox diqqətlə izləməli, regional sabitliyi qorumağa yönəlmiş balanslı və soyuqqanlı siyasətini davam etdirməlidir”.




