“Rusiya tərəfinin AZAL təyyarəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa hörmətsizlikdir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Rusiya Federasiyasının İstintaq Komitəsindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan və AZAL-a məxsus mülki təyyarənin Qroznı üzərində rus hərbçiləri tərəfindən vurulması faktını “əlverişsiz hava şəraiti” ilə əsaslandıran məktub ciddi ictimai və siyasi narazılıq doğurub. Sözügedən sənəddə cinayət işinə xitam verilməsi cəhdi faktlarla, texniki sübutlarla və beynəlxalq hüququn fundamental prinsipləri ilə açıq ziddiyyət təşkil edir və Rusiyanın açıq şəkildə məsuliyyətdən yayınmaq xəttini seçdiyini göstərir.

Məsələ ilə bağlı ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hadisə ilə bağlı bütün detallar artıq ortadadır və baş verənlərin danılması mümkün deyil: “Təyyarənin vurulması əmri verənlər də, onu icra edənlər də, hadisənin gedişatı da aydındır. Buna baxmayaraq, cinayət işinə xitam verilməsi Rusiyanın baş verənlərə hüquqi deyil, siyasi yanaşdığını göstərir. Bu, nə müttəfiqlik ruhuna, nə də beynəlxalq hüquqa sığır.”

Əhməd Şahidov vurğulayıb ki, Rusiya tərəfinin davranışı etik normalarla da uzlaşmır və Moskvanın beynəlxalq imicinə ciddi zərbə vurur: “Özünə hörmət edən hər bir dövlət belə hallarda üzr istəməli, təzminat ödəməli və günahkarları cəzalandırmalıdır. Əks yanaşma isə Rusiyanı beynəlxalq arenada etibarsız tərəfdaş kimi təqdim edir və regionda ona olan inamı daha da zəiflədir.”