REAL Televiziyasında yayımlanan proqramda Venesuela ətrafında baş verən son proseslər və ABŞ-nin bu ölkəyə münasibətdə yürüdüyü siyasət müzakirə olunub. Verilişin qonağı siyasi şərhçi Əhməd Şahidov olub və o, Vaşinqtonun addımlarının mahiyyətinin bəzən yanlış təqdim edildiyini bildirib.
Əhməd Şahidov qeyd edib ki, ABŞ-nin Venesuelaya qarşı yanaşmasını klassik hava hücumu və ya açıq hərbi müdaxilə kimi dəyərləndirmək düzgün deyil: “Burada bombalama, genişmiqyaslı müharibə və ya işğal ssenarisi yoxdur. ABŞ daha rasional və müasir üsullara üstünlük verir. Hava məkanına nəzarət, kəşfiyyat imkanları, diplomatik və siyasi təzyiq mexanizmləri ön plana çıxarılıb. Bu, ABŞ-nin XXI əsrdə üstünlük verdiyi, minimum itki və maksimum nəticə prinsipinə əsaslanan yanaşmadır”.
Siyasi şərhçi vurğulayıb ki, Venesuela məsələsində ABŞ-nin əsas hədəfi xaos yaratmaq deyil, regional və qlobal sabitliyi öz maraqları çərçivəsində qorumaqdır: “Vaşinqton üçün əsas məsələ Venesuelanın nəzarətsiz şəkildə rəqib güclərin təsir zonasına çevrilməsinin qarşısını almaqdır. ABŞ burada tələsik və emosional qərarlar yox, hesablanmış addımlar atır. Bu yanaşma həm enerji bazarındakı balansın qorunmasına, həm də regionda uzunmüddətli strateji maraqların təmininə xidmət edir”.







