ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycana göstərilən yardımlarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan H.R. 6534 nömrəli qanun layihəsinin rəsmi qeydiyyata alınması beynəlxalq gündəmdə diqqət mərkəzinə çevrilib. Sözügedən sənəd Azadlığa Dəstək Aktının 907-ci maddəsinin tam ləğvini təklif edir və hazırda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə mərhələsindədir.
Məsələ ilə bağlı ARB24 Televiziyasına müsahibə verən hüquq müdafiəçisi və siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu qanun layihəsi ABŞ–Azərbaycan münasibətlərində uzun illər mövcud olmuş siyasi və hüquqi baryerlərin aradan qaldırılması istiqamətində mühüm addımdır. O qeyd edib ki, 907-ci düzəliş artıq regionun real geosiyasi mənzərəsi ilə uzlaşmır və ABŞ-ın öz strateji maraqlarına ziddir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq kimi çıxış edib və bu faktın Konqres sənədində açıq şəkildə əks olunması ciddi siyasi dəyişiklikdir”.
Əhməd Şahidov vurğulayıb ki, qanun layihəsində Cənubi Qafqazda sülhün prioritet kimi təqdim edilməsi və Azərbaycanla Ermənistan arasında sərhədlər və ərazi bütövlüyü məsələlərinin sülh sazişi çərçivəsində razılaşdırıldığının qeyd olunması Vaşinqtonun postmünaqişə reallıqlarını qəbul etdiyini göstərir. Onun sözlərinə görə, sənədin qəbul olunması ABŞ–Azərbaycan münasibətlərində daha institusional və uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar aça bilər.





