REAL Televiziyasında yayımlanan “Orta Gün” verilişində Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi toplantısı, Azərbaycan Prezidentinin bu görüşdə iştirak etməməsi, eləcə də Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı verdiyi mühüm siyasi mesajlar və AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasının birinci ildönümü ətrafında yaranan məsələlər müzakirə olunub. Proqramın qonaqları Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov və siyasi şərhçi Əhməd Şahidov olub.
Verilişdə çıxış edən Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər postmünaqişə dövrünün əsas siyasi xəttini aydın şəkildə ortaya qoyur: “Bəzi beynəlxalq paytaxtlarda belə bir yanlış təsəvvür vardı ki, Azərbaycan Ermənistanla bağlı humanitar və iqtisadi addımlar atırsa, işğal dövründə törədilmiş cinayətlər də unudula bilər. Amma Prezident Ağdamdan açıq mesaj verdi ki, Zəfər qazanılıb, Böyük Qayıdış başlayıb, lakin xalqımıza qarşı törədilənlər heç vaxt unudulmayacaq. Bu yanaşma düşmənçilik yox, milli təhlükəsizlik və tarixi yaddaş məsələsidir.”
Əhməd Şahidov çıxışında beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili yanaşmasını, AZAL təyyarəsinin vurulması ilə bağlı bir il ərzində obyektiv istintaqın aparılmamasını və bunun Azərbaycan–Rusiya münasibətlərinə təsirini də xüsusi vurğulayıb: “Bu insidentlə bağlı susqunluq etimadı sarsıdır. Prezidentin Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi toplantısına qatılmaması da məhz bu kontekstdə dəyərləndirilməlidir. Bu, rəsmi Bakının baş verənlərə verdiyi prinsipial siyasi reaksiyadır və mesaj aydındır: ədalət olmadan normal münasibətlərdən danışmaq mümkün deyil.”








