Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməməsi regional siyasətdə ciddi müzakirələrə səbəb olub. Hadisə son bir il ərzində Azərbaycan–Rusiya münasibətlərində yığılıb qalmış problemlər fonunda qiymətləndirilir və rəsmi izahlarla yanaşı, siyasi səbəblər də ön plana çıxır.
Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevin bu görüşə qatılmaması təsadüfi və ya sırf protokol xarakterli qərar deyil: “Ötən ilin dekabrında Azərbaycana məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulmasından sonra Moskva faktiki olaraq heç bir real istintaq addımı atmayıb. Halbuki Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə bu hadisənin araşdırılacağına və günahkarların cəzalandırılacağına söz vermişdi. Aradan uzun müddət keçməsinə baxmayaraq, bu vəd yerinə yetirilməyib.”
Əhməd Şahidov əlavə edib ki, Rusiyada Azərbaycan diasporuna qarşı təzyiqlərin davam etməsi, o cümlədən diaspora rəhbəri Şıxlanski ilə bağlı məhkəmə prosesinin uzadılması Moskvanın Azərbaycana yönəlik siyasətində heç bir ciddi düzəliş edilmədiyini göstərir: “Belə bir şəraitdə Bakının MDB liderlərinin görüşünə qatılmaması emosional demarş deyil, hesablanmış siyasi mövqedir. Azərbaycan açıq şəkildə göstərir ki, icra olunmayan vədlər və paralel təzyiqlər fonunda simvolik platformalarda iştirak etməyəcək.”




