Ukrayna–Rusiya müharibəsində sülh prosesi aktivləşib, amma kompromis görünmür – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Florida ştatının Miami şəhərində ABŞ-ın vasitəçiliyi ilə Ukrayna–Rusiya müharibəsi üzrə aparılan danışıqlar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. 20 dekabr 2025-ci il vəziyyətinə görə keçirilən təmaslar hələlik yekun sülh razılaşması ilə nəticələnməyib və proses daha çox tərəflərin mövqelərinin dəqiqləşdirilməsi mərhələsindədir. Məsələ ilə bağlı ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırkı danışıqlar real sülhdən daha çox diplomatik hazırlıq xarakteri daşıyır.

Əhməd Şahidov qeyd edib ki, ABŞ-ın təklif etdiyi yeni format – Ukrayna, ABŞ, Rusiya və mümkün halda Avropa nümayəndələrinin iştirakı ilə keçirilə biləcək görüşlər – hələlik konseptual mərhələdədir: “Ortada imzalanmış sənəd və ya konkret razılaşma yoxdur. Əsas ziddiyyət ərazi məsələsi və Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Rusiya mövcud hərbi nəzarəti siyasi nəticəyə çevirmək istəyir, Ukrayna isə bunu qəbuledilməz hesab edir və real təhlükəsizlik mexanizmləri tələb edir”.

Əhməd Şahidovun sözlərinə görə, cəbhə bölgəsində vəziyyət də danışıqlara birbaşa təsir göstərir: “Rusiya bəzi istiqamətlərdə, xüsusilə Donetsk və Pokrovsk xəttində təzyiqi artırsa da, bu irəliləyişlər həlledici xarakter daşımır. Müharibə uzunmüddətli attrisiya mərhələsindədir. Məhz bu səbəbdən sülh prosesi aktivləşsə də, yaxın perspektivdə kompromisə nail olunması kifayət qədər çətin görünür”.