Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixində qəbul etdiyi, Azərbaycana qarşı qərəzli ittihamlarla zəngin olan qətnamə ölkədə və beynəlxalq siyasi dairələrdə ciddi rezonans doğurub. Tövsiyə xarakterli olan bu sənəddə Azərbaycanda insan hüquqları, məhkəmə-hüquq sistemi və daxili siyasi proseslərlə bağlı əsassız iddialar yer alıb. Sözügedən qətnamə ilə bağlı REAL Televiziyasında müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahib Alıyev və hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov iştirak ediblər.
Əhməd Şahidov çıxışında bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə hüquqi qüvvəyə malik deyil və sırf siyasi təzyiq aləti kimi hazırlanıb: “Bu sənəd faktlara deyil, erməni lobbisinin və müəyyən maraq qruplarının sifarişlərinə əsaslanır. Avropa Parlamenti illər boyu Azərbaycanın ərazilərinin işğalda qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına susduğu halda, bu gün tamamilə fərqli və ikili standartlara əsaslanan mövqe nümayiş etdirir”.
Əhməd Şahidov vurğulayıb ki, qətnamənin qəbulu Avropa İttifaqının Cənubi Qafqazda zəifləyən siyasi təsirini kompensasiya etmək cəhdlərinin tərkib hissəsidir: “Xüsusilə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyişlərdən sonra Avropa strukturlarında narahatlıq açıq şəkildə hiss olunur. Azərbaycan regionda sülhün və sabitliyin əsas təşəbbüskarına çevrilib və bu reallıq bəzi dairələri ciddi şəkildə narahat edir”. Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycan bu cür qərəzli sənədlərlə öz yolundan dönməyəcək və milli maraqlarını qətiyyətlə qorumağa davam edəcək.


