Ukrayna–Rusiya müharibəsi fonunda sülh və atəşkəs perspektivləri, Kiyevin NATO məsələsində mövqeyində mümkün dəyişikliklər və Avropanın təhlükəsizlik arxitekturası ətrafında müzakirələr beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Xüsusilə Ukrayna rəhbərliyinin NATO üzvlüyü ilə bağlı daha çevik yanaşma nümayiş etdirməsi, lakin ərazi bütövlüyü məsələsində qəti mövqeyini qoruması diqqət mərkəzindədir.
Bu mövzu ilə bağlı siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına verdiyi geniş müsahibədə bildirib ki, Ukraynanın NATO-dan imtinaya hazır olması hərbi zəiflik deyil, siyasi manevr cəhdidir. Onun sözlərinə görə, Kiyev bunun əvəzində ABŞ və Avropa ölkələrindən real, hüquqi baxımdan təmin olunmuş təhlükəsizlik zəmanətləri tələb edir və bu yanaşma müharibənin növbəti mərhələsinin artıq masa arxasında formalaşdığını göstərir.
Əhməd Şahidov qeyd edib ki, Ukrayna üçün əsas “qırmızı xətt” ərazi məsələsidir və bu mövzuda hər hansı güzəştə getmək nə siyasi, nə də hüquqi baxımdan mümkün deyil. O əlavə edib ki, Avropa İttifaqı ölkələri də müharibənin Rusiya–NATO toqquşmasına çevrilməsinin qarşısını almağa çalışır, lakin eyni zamanda beynəlxalq hüququn pozulmasının legitimləşdirilməsinə yol vermək istəmir və qarşıdakı dövrdə Ukrayna böhranında əsas qərarların məhz siyasi müstəvidə veriləcəyi gözlənilir.





