Avropa İttifaqının Ermənistandakı missiyası sülh prosesinə ziddir – Əhməd Şahidov REAL TV`ə danışıb

Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti və Brüssel ilə İrəvan arasında ötən həftə imzalanan yeni saziş Cənubi Qafqazda Azərbaycan–Ermənistan sülh prosesinə mümkün təsirləri baxımından regional və beynəlxalq müzakirələrin mərkəzindədir. Missiyanın mandatının genişləndirilməsi, fəaliyyət müddətinin uzadılması və Avropa İttifaqının Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsi sülh danışıqlarının gələcəyi ilə bağlı suallar yaradır.

Bu mövzu ilə bağlı REAL Televiziyasına geniş müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, 2023-cü ildən fəaliyyət göstərən Avropa İttifaqının Ermənistandakı mülki missiyası artıq neytral müşahidə mexanizmi kimi deyil, siyasi təsir aləti kimi çıxış edir: “Missiya yalnız Ermənistan ərazisində yerləşdirilib və Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir. Bu isə vasitəçilik prinsipinə və balans anlayışına ziddir. Belə bir yanaşma tərəflər arasında etimadın formalaşmasına deyil, əksinə, Ermənistanın danışıqlarda mövqelərini sərtləşdirməsinə xidmət edir.”

Əhməd Şahidov eyni zamanda Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan yeni sazişin mahiyyətinə toxunaraq qeyd edib ki, bu sənəd sülh prosesinə müsbət deyil, mənfi siqnallar ötürür: “Brüssel İrəvana təhlükəsizlik zəmanətləri və institusional dəstək vəd etməklə onu birbaşa sülhə deyil, kənar aktorlara arxalanmağa təşviq edir. ABŞ ilə Avropa İttifaqı arasında Ukrayna müharibəsi fonunda artan fikir ayrılıqları da Cənubi Qafqazda geosiyasi rəqabəti dərinləşdirir və bu, Azərbaycan–Ermənistan sülh prosesini daha da mürəkkəbləşdirir.”