Donald Trumpın sərt daxili və xarici siyasəti nəyə hesablanıb? – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

ABŞ prezidenti Donald Trumpın ikinci müddətdə apardığı iqtisadi, siyasi və miqrasiya kursu, eləcə də Yaxın Şərq və Latın Amerikasına yönəlik sərt xarici siyasəti beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tariflərin artırılması, sığınacaq prosedurlarının məhdudlaşdırılması, Venesuela və İranla bağlı kəskin xətt, eləcə də ABŞ cəmiyyətində ardıcıl dərinləşən siyasi qütbləşmə ekspertlərin xüsusi diqqətindədir. Bu proseslər həm ölkə daxilində, həm də qlobal miqyasda güc balansına təsir göstərən amillər kimi qiymətləndirilir.

ARB24 Televiziyasına müsahibəsində siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Donald Trumpın hazırkı kursu “America First” ideyasının daha sərt və aqressiv versiyasına əsaslanır: “İqtisadi sahədə tariflərin kəskin artırılması real sektora və istehlak bazarına təzyiq yaradır, miqrasiya siyasətində sərhədlərin faktiki bağlanması isə Amerika daxilində humanitar və siyasi debatları dərinləşdirir. Xarici siyasətdə Yaxın Şərq və Venesuela istiqamətində güc tətbiqinə üstünlük verilməsi regional sabitlik üçün yeni risklər yaradır.”

Əhməd Şahidovun sözlərinə görə, bu siyasətə ABŞ cəmiyyətinin münasibəti də parçalanmış vəziyyətdədir: “Respublikaçı elektorat sərt xətti dəstəkləsə də, şəhər əhalisi, gənclər və müstəqil seçicilər inflyasiya, bahalaşma, sosial gərginlik və institusional təzyiqlərdən narahatdır. ABŞ bu gün iki fərqli siyasi reallıq arasında dərin uçurumu yaşayır və Trump administrasiyasının hər addımı bu qütbləşməni daha da artırır.”