“ATƏT böhranı aşmaq üçün yeni əməkdaşlıq modelinə ehtiyac duyur” – Əhməd Şahidov Vyanadan REAL TV-yə danışdı

Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci toplantısı təşkilatın üzləşdiyi dərin institusional böhran, Helsinki prinsiplərinə əməl olunması və regional təhlükəsizlik gündəmi fonunda davam edir. İclasda səslənən çıxışlarda ATƏT-in gələcək fəaliyyəti, Ukraynadakı vəziyyət, büdcə blokadası və xüsusilə Cənubi Qafqazda əldə olunan irəliləyişlər əsas mövzu kimi önə çıxıb. Lüksemburq xarici işlər nazirinin Bakı–İrəvan sülh prosesinə verdiyi açıq dəstək ATƏT məkanında 2025-ci ilin ən mühüm siyasi uğurlarından biri kimi qiymətləndirilib.

Hazırda Vyanada səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov REAL TV-yə açıqlamasında bildirib ki, toplantının ümumi atmosferi ATƏT-in fəaliyyətdə yaranmış tıxanıqlardan çıxmaq üçün dialoq və barışıq gündəmini prioritetləşdirməli olduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycan–Ermənistan sülh razılaşması bölgədə uzun illərdən sonra formalaşan ən real sabitlik perspektividir və beynəlxalq platformalarda bu prosesə verilən dəstək siyasi iradənin möhkəmləndiyini göstərir. Əhməd Şahidov qeyd edib ki, iki ölkə arasında irəliləyiş həm region dövlətləri, həm də beynəlxalq tərəfdaşlar tərəfindən diqqətlə izlənir.

Hüquq müdafiəçisi Əhməd Şahidov əlavə edib ki, bu gün səslənən fikirlər ATƏT-in yeni dövrün çağırışlarına uyğunlaşdırılmış əməkdaşlıq modelinə ehtiyac duyduğunu açıq şəkildə ortaya qoyur. Onun fikrincə, Cənubi Qafqazda sülhün təmin olunması təkcə regional stabilliyə deyil, həm də Avropanın ümumi təhlükəsizlik arxitekturasına təsir edən strateji amildir. Əhməd Şahidov bildirib ki, Azərbaycan konstruktiv mövqeyi ilə bu prosesdə mühüm rol oynayır və regionun gələcək təhlükəsizlik nizamının formalaşmasında əsas aktorlardan biri olaraq qalır.