Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci toplantısı təşkilatın üzləşdiyi siyasi böhran, Helsinki prinsiplərinə sadiqlik və regional təhlükəsizlik məsələləri fonunda davam edir. İclasda çıxış edən nazirlər ATƏT-in gələcəyi, Ukraynanın suverenliyi, büdcə məsələləri və xüsusilə Cənubi Qafqazda əldə olunan irəliləyişlər barədə fikirlər səsləndiriblər. Lüksemburqun xarici işlər nazirinin Bakı–İrəvan sülh gündəminə verdiyi dəstək 2025-ci ilin ATƏT məkanında ən pozitiv siyasi inkişafı kimi qiymətləndirilib.
Hazırda Vyanada səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 kanalına açıqlamasında bildirib ki, Azərbaycan–Ermənistan arasında sülh razılaşması bölgədə uzun illərdən sonra yaranmış ən real sabitlik perspektividir və bu məqam beynəlxalq platformalarda xüsusi vurğulanır. Onun sözlərinə görə, toplantıda səslənən fikirlər ATƏT-in böhrandan çıxması üçün dialoq və barışığın təşviqinin əsas prioritetə çevrildiyini göstərir. Şahidov qeyd edib ki, iki ölkə arasında irəliyə doğru atılan addımlar həm region dövlətlərinin, həm də beynəlxalq aktorların diqqətindədir.
Əhməd Şahidov əlavə edib ki, bu gün müzakirə edilən yanaşmalar ATƏT-də əməkdaşlıq formatının yenilənməsinə ehtiyac olduğunu bir daha ortaya qoyur. O vurğulayıb ki, Cənubi Qafqazda sülhün təmin olunması təkcə regional sabitlik deyil, həm də Avropanın ümumi təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyət daşıyır və 2025-ci ildə ATƏT məkanında ən mühüm pozitiv dönüş nöqtəsi kimi qiymətləndirilir.




